İdman

Sayılmayan qol, verilməyən penalti: "Qəbələ" - "Sabah" matçı ilə bağlı suallara aydınlıq gətiriləcək - VİDEO

17 Feb 2026, 16:00 1 baxış
Sayılmayan qol, verilməyən penalti: "Qəbələ" - "Sabah" matçı ilə bağlı suallara aydınlıq gətiriləcək - VİDEO
"Qəbələ" klubu ölkə çempionatı çərçivəsində keçirdiyi qarşılaşmalardakı hakim idarəçiliyi ilə əlaqədar rəsmi açıqlama verib. Oxu.Az-ın məlumatına görə, əyalət təmsilçisi hakimlərin verdiyi qərarlardan narazı olduğunu dilə gətirib. "Qəbələ" - "Sabah" matçının 87-ci dəqiqəsində rəqib komandanın cərimə meydançasında topun "Sabah"ın iki oyunçusunun əlinə dəyməsinə baxmayaraq, VAR sistemi epizodu təxminən 10 dəqiqəyə yaxın araşdırdıqdan sonra baş hakimi monitora dəvət etdi. Qənaətimizcə, "Qəbələ"nin qaydalar daxilində vurduğu qol ləğv edildi və komandamız minimum 1 xaldan oldu.
Bu hadisə cari mövsüm ərzində üzləşdiyimiz ikinci belə haldır. Bundan öncə, çempionatın VIII turu çərçivəsində baş tutan "İmişli" - "Qəbələ" (2:2) qarşılaşmasında matçın baş hakimi İnqilab Məmmədov 59-cu dəqiqədə, hesab 2:0 komandamızın xeyrinə olarkən rəqib oyunçu Ronaldo de Souzaya əllə oyuna görə ikinci sarı vərəqəni göstərməkdən imtina etdi. Sonradan həmin futbolçu rəqib komandanın qollarından birini vurdu. AFFA Hakimlər Komitəsi də baş hakimin bu epizodda səhv etdiyini təsdiqlədi. Bu isə o deməkdir ki, "Qəbələ"nin cari mövsümdə qazana biləcəyi 3 xal əlindən alınıb. Rauf Cabarova gəldikdə isə, XVII turda keçirilən "Sabah" - "Karvan Yevlax" matçında onun gözü qarşısında top hücumda olan futbolçunun əlinə dəysə də, hakim oyunun davam etdirilməsinə işarə verdi. Hücumun ardında digər oyunçunun vurduğu qol qeydə alındı. Oxşar epizod olsa da, fərq ondadır ki, bu dəfə Rauf Cabarov "Qəbələ"nin təmiz qolunu saymadı. Ümidvarıq ki, AFFA Hakimlər Komitəsi məsələyə düzgün və obyektiv qiymət verəcək", - deyə bəyanatda qeyd olunub. "Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskas isə "Qəbələ"nin ləğv olunan qoluna münasibət bildirərkən deyib ki, bu, onun səlahiyyətində olan məsələ deyil: "Son dəqiqələrdə qapıçımızın möhtəşəm qurtarışı var idi. Rəqib oyunçunun əllə oynadığı görünürdü. VAR-da daha yaxşı görürlər. Bəzən VAR lehinə, bəzən əleyhinə işləyir. "Sumqayıt"la matçda bizim əleyhimizə işlədi. İki qolumuzu ləğv etdilər. Mən VAR sisteminin çox da tərəfdarı deyiləm. Son 10 dəqiqədə rəqib üstün oynadı. Hakim 5-6 dəqiqə artırsaydı, yəqin ki, fərqlənən tərəf "Qəbələ" olacaqdı. Səhvlərimizi təhlil edib nəticə çıxaracağıq". Məsələ ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, bu gün axşam saatlarında Hakimlər Komitəsinin sədri Rəhim Həsənov epizodlara videoşərh verəcək. Xatırladaq ki, ötən gün Misli Premyer Liqasınnı XX turunda keçirilən "Qəbələ" - "Sabah" matçı 0:1 hesabı ilə başa çatıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər