Dünya

"Flydubai" təyyarəsi ilə bağlı şok versiya: Pilot göydələni hədəf seçmək istəyib

01 Oct 2026, 02:30 3 baxış
"Flydubai" təyyarəsi ilə bağlı şok versiya: Pilot göydələni hədəf seçmək istəyib
Dubaydan Təl-Əvivə uçan "Flydubai" təyyarəsinin göyərtəsində baş verən insidenti araşdıran İsrail tərəfi pilotun təyyarəni ölkədəki göydələnlərdən birinə çırpmaq niyyətində olduğu versiyasını istisna etmir. Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Telegraph" (DT) qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin üç müstəqil mənbəsinin məlumatına görə, araşdırmanın əsas istiqamətlərindən biri 2001-ci il sentyabrın 11-də ABŞ-də baş verən hadisələrin ssenarisinə uyğun hücum versiyasıdır. Həmin vaxt terrorçular dörd sərnişin təyyarəsini ələ keçiriblər. Onlardan ikisi Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin qüllələrinə, üçüncüsü Pentaqona çırpılıb, dördüncü təyyarə isə sərnişinlərin təyyarəni ələ keçirən şəxslərə mane olmaq cəhdindən sonra Pensilvaniyada qəzaya uğrayıb. "Belə bir ehtimal var ki, bu, 11 sentyabr hadisəsinə bənzər ssenaridir: ikinci pilot kapitanı öldürür və sərnişinlərin əksəriyyətinin israillilər olduğu təyyarəni bütün sərnişinlərlə birlikdə İsrail ərazisində qəzaya uğradır", - deyə adının açıqlanmasını istəməyən mənbə nəşrə bildirib. Rəsmilərin sözlərinə görə, hadisənin qəsdən təyyarənin ələ keçirilməsi olduğu təsdiqlənərsə, konkret hansı hədəfin seçilə biləcəyi hələlik məlum deyil. Bununla belə, bir neçə mənbə hədəfin Təl-Əvivdəki hündürmərtəbəli binalardan biri ola biləcəyini bildirib. Xatırladaq ki, sentyabrın 30-da səhər "Flydubai"nin sərnişin təyyarəsi qaçırılma siqnalı verib. Daha sonra təyyarə Səudiyyə Ərəbistanına təcili eniş edib. "Flydubai" şirkətinin mətbuat xidməti bütün sərnişinlərin təhlükəsiz olduğunu bildirib. İsrail televiziyasının 12-ci kanalının versiyasına görə, insidentə səbəb iki pilot arasında baş verən dava olub. İsrailin i24News telekanalı şahidlərə istinadən pilotlardan birinin bıçaqla yaralandığını bildirib. İsrail televiziyasının 14-cü kanalı daha sonra təyyarəni BƏƏ və Oman pilotlarının idarə etdiyini dəqiqləşdirib. Onun versiyasına görə, insidentin günahkarı Oman vətəndaşı olub - məhz onun qəsdən aviasiya qəzası törətməyə cəhd göstərdiyi ehtimal edilir. Kanalın məlumatına görə, BƏƏ vətəndaşı olan ikinci pilot buna mane olub. Hazırda prioritet versiyalardan biri pilotlardan birinin kamikadzeliyidir. İsrailin müdafiə naziri İsrael Kats laynerin göyərtəsində baş verən insidenti terror aktına cəhd kimi qiymətləndirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər