Dünya
İspaniyanın baş naziri Makrondan üzr istədi
Fransa Prezidenti Emmanuel Makronun İspaniyaya rəsmi səfəri zamanı İspaniyanın Baş naziri Pedro Sançes Senatın iki ölkə arasında Dostluq və Əməkdaşlıq Müqaviləsini rədd etməsinə görə üzr istəyib. Bəyanat liderlərin Madriddə keçirdikləri birgə mətbuat konfransında səsləndirilib. Oxu.Az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir. "Dünən Senatda müqavilə ilə bağlı keçirilən səsverməyə görə yalnız üzr istəyə bilərəm", - deyə İspaniyanın Baş naziri vurğulayıb. 2023-cü ilin yanvarında Barselonada imzalanan müqavilə iki ölkə arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur. Əsasən simvolik xarakter daşıyan sənəd İspaniya Senatında keçirilən səsvermədə rədd edilib. Müqavilənin əleyhinə əsasən müxalif Xalq Partiyasının (PP) senatorları səs veriblər. Onlar bir ölkənin nazirlərinin digər ölkənin hökumət iclaslarında iştirakına imkan verən müddəaya etiraz ediblər. Fransa İspaniyanın əsas ixrac bazarıdır, İspaniya isə Fransanın ən böyük beş ticarət tərəfdaşından biridir. İki ölkə arasında qarşılıqlı investisiyaların həcmi hər iki istiqamətdə 100 milyard avronu keçir. 800-dən çox İspaniya şirkəti Fransada fəaliyyət göstərir, 3 000-ə yaxın Fransa şirkəti isə İspaniyada qeydiyyatdan keçib.
Mənbə
oxu.az