Cəmiyyət
Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır
Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrinin rəhbərlərinə rəsmi tapşırıq göndərib. Oxu.Az Yurd.media-ya istinadən xəbər verir ki, Agentliyin direktoru Eşqi Bağırovun Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və regional təhsil idarələrinə ünvanladığı sənəddə məktəblərdə müəllimlərlə şagirdlər və onların valideynləri arasındakı münasibətlərdə "Təhsilverənlərin etik davranış Qaydaları"nın tələblərinə ciddi əməl olunmasının vacibliyi vurğulanıb. Xəbərdarlıqda xüsusi olaraq qeyd edilib ki, müəllimlərin valideynlərdən və şagirdlərdən birbaşa və ya dolayı yolla hədiyyə, pul, qiymətli əşyalar və digər maddi və ya qeyri-maddi nemətlər istəməsi və ya qəbul etməsi, eləcə də bu məqsədlə hər hansı təşəbbüs göstərməsi qəti qadağandır. Belə halların qarşısının dərhal alınması tələb olunub. Məktəb rəhbərlərinə tapşırılıb ki, müəllimlər, şagirdlər və valideynlər arasında bu tələblərlə bağlı maarifləndirmə işləri aparsınlar, qaydalara əməl olunmasına ciddi nəzarət etsinlər və hər hansı pozuntuya və ya neqativ hala yol verilməməsi üçün müvafiq tədbirlər görsünlər.
Mənbə
oxu.az