Dünya
Rusiyada taun şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. Oxu.Az zdav.ru-ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digər tibb müəssisəsində, 12-si isə Taunla Mübarizə İnstitutunda saxlanılır. Daha səkkiz nəfər isə hələ xəstəxanaya yerləşdirilməyib. Təmasda olan şəxslərin bəzilərində müəyyən simptomlar müşahidə edilib. Bununla belə, onların xəstəxanaya yerləşdirilməsinin profilaktik məqsəd daşıdığı və hazırda yoluxma ilə bağlı hər hansı nəticənin olmadığı bildirilib. Bundan əlavə, müşahidə altına alınan şəxslərlə təmasda olmuş insanların da xəstəxanaya yerləşdirilməsi planlaşdırılır. Bir gün əvvəl İrkutsk vilayətinin Şelexov rayon xəstəxanasında ağciyər taunu şübhəsi olan qadın vəfat edib. Həkimlər ölümündən sonra xəstəliyin törədicisinin olub-olmadığını müəyyənləşdirmək üçün analiz nümunələri götürüblər. Nəticələr hələ açıqlanmayıb. Rusiya Elmlər Akademiyasının akademiki, epidemioloq Gennadi Onişenko İrkutsk vilayətində aşkarlanan xəstəliyin taun olma ehtimalının yüksək olmadığını bildirib. Onun sözlərinə görə, diaqnoz təsdiqlənsə belə, infeksiyanın Rusiyada geniş yayılması gözlənilmir. Alim əlavə edib ki, rusiyalı mütəxəssislər taunun profilaktikası və müalicəsi üsullarına yaxşı bələddirlər.
Mənbə
oxu.az