İdman
"Arsenal"ın sabiq futbolçusuna qarşı yeni zorlama ittihamları - FOTO
İngiltərənin "Arsenal" klubunun sabiq futbolçusu Tomas Parti haqqında səsləndirilən daha iki yeni zorlama ittihamlarını qətiyyətlə rədd edib. Oxu.Az "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı qanalı oyunçu məhkəmədə keçirilən dinləmədə 2020-ci ilin dekabr ayında London şəhərində baş verdiyi iddia edilən hər iki zorlama epizodu üzrə özünü təqsirkar bilməyib. Məhkəmə bu yeni ittihamların idmançıya qarşı açılmış əvvəlki işlərlə birləşdirilməsinə və onlara vahid icraat çərçivəsində baxılmasına qərar verib. İşə yeni epizodların əlavə edilməsi səbəbindən əvvəlcə noyabr ayına təyin olunmuş məhkəmə baxışının gələn ilin yanvar ayına qədər təxirə salınma ehtimalı yaranıb. Xatırladaq ki, ötən ilin iyul ayında T.Partiyə qarşı 2020 və 2021-ci illəri əhatə edən beş zorlama və bir cinsi qısnama ittihamı da irəli sürülmüşdü. Bununla onun haqqında günahını inkar etdiyi epizodların ümumi sayı 7-yə çatıb. Məşhur futbolçu əvvəlki ittihamların da heç birini qəbul etmir. Məlumat üçün bildirək ki, qanalı yarımmüdafiəçi ötən yay transfer pəncərəsində "Arsenal"la yollarını ayırıb və azad agent statusu ilə İspaniyanın "Vilyarreal" klubunun heyətinə cəlb olunub.
Mənbə
oxu.az