Dünya
"ChatGPT"də istədiyiniz geyimi öz üzərinizdə sınayın: Yeni funksiya istifadəyə verildi - Foto
"OpenAI" şirkəti "ChatGPT"yə geyim və aksesuarları virtual şəkildə sınaqdan keçirmək imkanı əlavə edib. Oxu.Az xəbər verir ki, bu barədə şirkətin dəstək saytında dərc olunan yenilənmə jurnalında məlumat verilib. İstifadəçilər öz selfilərini və ya tamboy fotolarını sistemə yükləyərək seçdikləri geyimlərin öz üzərlərində necə görünəcəyini görə bilərlər. "ChatGPT" yüklənmiş fotoya əsasən həmin şəxsin seçilmiş geyimi geyindiyi yeni görüntü yaradır. Oktyabrın 1-də təqdim olunan yenilik artıq bütün dünyada əlçatandır. Geyim və aksesuarlarla bağlı sorğulara cavab olaraq göstərilən məhsul kartlarında "Sınamaq" düyməsi yer alır. İstifadəçi bəyəndiyi məhsulu seçdikdən sonra sınaq rejimini aktivləşdirə, fotosunu çəkə və ya əvvəlcədən hazırladığı şəkli yükləyə bilər. İstinad üçün yüklənmiş foto yaddaşda saxlanılır. Buna görə də növbəti sınaqlar zamanı onu yenidən yükləməyə ehtiyac qalmır. İstifadəçilər yalnız çat-botun təklif etdiyi məhsullarla kifayətlənməli deyillər. İstənilən saytdan geyimin ekran görüntüsünü yükləyərək "ChatGPT"dən həmin geyimi öz fotolarında göstərməsini istəyə bilərlər. Görüntülər sentyabr ayında "OpenAI" tərəfindən istifadəyə verilmiş "ChatGPT Images 2.5" modeli vasitəsilə yaradılır. Şirkətin məlumatına görə, model daha təbii işıqlandırma və detallı teksturalar təqdim edir, görüntülərdə dəyişikliklərlə bağlı göstərişləri daha dəqiq yerinə yetirir və şəkilləri daha sürətli yaradır. Virtual sınaq funksiyası ilə yanaşı, "Seçilmişlər" bölməsi də istifadəyə verilib. İstifadəçilər bəyəndikləri məhsulları "Kitabxana" bölməsində saxlaya və qovluqlara ayıra bilərlər. Yaradılmış sınaq fotoları da həmin bölməyə əlavə olunur. "TechCrunch" nəşrinin məlumatına görə, "ChatGPT" istifadəçinin arzuladığı üslubun təsvirinə əsasən geyimlər seçə və məşhurların geyindiyi paltarlara bənzər, satışda olan məhsulları tapa bilir. Funksiyanın məxfiliklə bağlı diqqətçəkən bir məqamı da var. Bildirilir ki, standart parametrlər dəyişdirilmədikdə, şəxsi hesablardan yüklənən fotolar "OpenAI" tərəfindən modellərin təlimi üçün istifadə oluna bilər. Bunun qarşısını almaq istəyən istifadəçilər parametrlər bölməsindən müvafiq seçimi söndürməlidirlər. "Google" oxşar aləti 2025-ci ilin yayında öz axtarış sistemində istifadəyə vermişdi. İndi isə "OpenAI" virtual geyim sınağı imkanını birbaşa çat-botla ünsiyyətə inteqrasiya edib. Beləliklə, istifadəçilərin məhsul axtardığı və müqayisə etdiyi "ChatGPT" tədricən onlayn alış-veriş imkanlarını da genişləndirir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər