Dünya
327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi
Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrın 9-da Perudan başlayıb və 2026-cı il oktyabrın 2-də Keniyanın Kilifi şəhəri yaxınlığında sahilə çatıb. Bell səfərini "Billy No Mates" adlı, uzunluğu 8.3 metr olan karbon lifli qayıqla həyata keçirib. Rekord cəhdi qaydalarına əsasən, səyyahın quruya çıxmasına və kənardan hər hansı fiziki yardım almasına icazə verilməyib. Məqsədinə çatmaq üçün Bell hər gün 12 saat avar çəkib. O, eyni zamanda naviqasiya, yemək hazırlamaq və yaranan problemləri həll etmək, o cümlədən təmir işlərini özü həyata keçirib. Məsələn, səfər boyunca qayığın sükanını üç dəfə təmir etməli olub. "Sevgilim Corciyə qovuşduğum üçün çox şadam. Pivə içmək, həyatımın ən uzun duşunu qəbul etmək və normal çarpayıda yatmaq üçün səbirsizlənirəm", - deyə səyyah bildirib. Bell rəsmi olaraq tanınacağına ümid etdiyi rekord cəhdi ilə yanaşı, hərbçilərə, veteranlara, onların ailə üzvlərinə, eləcə də stres və bununla bağlı çətinliklər yaşayan təcili yardım xidmətlərinin əməkdaşlarına dəstək göstərən xeyriyyə təşkilatı üçün 112 min funt sterlinqdən çox ianə toplayıb. "The Times" qəzetinin daha əvvəl yazdığına görə, Bellin keçdiyi ehtimal olunan əvvəlki rekord amerikalı Ceykob Adoramaya məxsusdur. O, 2019-cu ildə ABŞ-nin Nea-Bey sahilindən başlayaraq Avstraliyanın Kerns şəhəri yaxınlığındakı çimərliyədək 6 140 dəniz mili (11 370 kilometr) məsafə qət edib. Adorama Sakit okeanı şərqdən qərbə keçmək üçün 335 gün 22 saat 30 dəqiqə vaxt sərf edib.
Mənbə
oxu.az