Dünya
Yaponiyada körpüdən yıxılan turist milyonlarla dollar təzminat istəyir
Avstraliyalı turist Yaponiyanın Hakodate şəhərində körpüdən yıxılaraq ağır xəsarət alması ilə bağlı şəhər administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb. Oxu.Az xəbər verir ki, bu barədə "The Tokyo Reporter" məlumat yayıb. Məlumata görə, zərərçəkən 2.5 milyon dollar təzminat tələb edir. İddia ərizəsində qeyd olunur ki, turist Şitidzay körpüsündən keçərkən müvazinətini itirərək məhəccərdən aşıb və təxminən üç metr hündürlükdən başıaşağı daşlı sahəyə düşüb. Turistin sözlərinə görə, körpüdəki qoruyucu sürahinin hündürlüyü cəmi 56 santimetr olub və bu, lazımi təhlükəsizliyi təmin etməyib. O hesab edir ki, şəhər rəhbərliyi daha hündür məhəccər quraşdırmalı və ya əlavə qoruyucu sədd çəkməli idi. Yıxılma nəticəsində kişinin onurğası ciddi zədələnib. Hazırda o, yataq xəstəsidir və gecə-gündüz qulluğa ehtiyac duyur. Avstraliyalı turist Hakodate məhkəməsində şəhər administrasiyasından 2.5 milyon dollar təzminat tələb edir. Bildirilir ki, bu məbləğ onun ömürlük qulluq xərclərinin bir hissəsini qarşılamaq üçün nəzərdə tutulub. Şəhər administrasiyasının nümayəndəsi isə iddia ilə bağlı rəsmi sənədlərin hələ quruma daxil olmadığını bildirib. Buna görə də o, irəli sürülən iddiaları şərh etməyib.
Mənbə
oxu.az