Siyasət
Cevdet Yılmaz: "Siyasi sabitliyimiz iş adamlarımız üçün ən böyük təminatdır"
"Mərhum hörmətli Heydər Əliyevin söylədiyi və ortaq şüarımız olan "Bir millət, iki dövlət" prinsipi ilk növbədə ticarət, iqtisadi əlaqələrimiz olmaqla, hər cür irəliləyişin ruhunu, metodunu əks etdirməkdədir". Oxu.Az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz II Azərbaycan-Türkiyə İnvestisiya Forumundakı çıxışında deyib. O bildirib ki, bu gün dünyada yaşanan böhranlar bilik və təcrübə mübadiləsinin əhəmiyyətini də bizə göstərir: "Birliyimizin verdiyi imkanlarla ortaq fəaliyyətlərimizi gücləndirərək davam etdirmək bölgəmizin üzləşdiyi sınaqları bir fürsət kimi dəyərləndirməyimizə imkan yaradacaq. Xalqlarımızın rifahını artırmaq naminə ticarət və iqtisadi əlaqələrimizi irəli aparmaq tarixin və mövcud əlverişli vəziyyətin bizə həvalə etdiyi bir vəzifədir. Bizə düşən bu çağırışa ən yaxşı şəkildə cavab verməkdir. Bu mənada dövlət olaraq bizlərin sizin dəyərli iş adamlarınızla eyni yolda addımladığını ifadə etmək istəyirəm. Hədəfimiz güclü Türkiyə, güclü Azərbaycan və sülhün, sabitliyin hökm sürdüyü firavan bir bölgə formalaşdırmaqdır. Siyasi sabitliyimiz sizin, dəyərli iş adamlarımız üçün ən böyük təminatdır. Hörmətli prezidentlərimizin müəyyənləşdirdiyi baxış bucağı qarşımızdakı maneələri aradan qaldıran ən güclü iradədir". Mərahim Nəsib
Mənbə
oxu.az