Siyasət

Səbinə Salmanova: "Təzyiq, ikili standartlara əsaslanan yanaşmalar beynəlxalq münasibətlərdə qəbuledilməzdir"

19 Dec 2025, 12:56 1 baxış
Səbinə Salmanova: "Təzyiq, ikili standartlara əsaslanan yanaşmalar beynəlxalq münasibətlərdə qəbuledilməzdir"
"Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi növbəti qətnamə bir daha göstərir ki, bu qurum ölkəmizlə bağlı məsələlərdə obyektivlik və ədalət prinsiplərindən uzaq, qərəzli və siyasi sifarişlərə əsaslanan yanaşmanı davam etdirir. Sözügedən "sənəd" real vəziyyətin təhlilinə deyil, birtərəfli məlumatlara və əsassız ittihamlara söykənir". Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, "sənəd"də yer alan "siyasi məhbuslar", "siyasi təqiblər", "akademik azadlıqların pozulması" kimi iddialar heç bir hüquqi və faktoloji əsaslara malik deyil: "Bu kimi yanaşmalar Avropa Parlamentinin Azərbaycanla bağlı mövcud reallıqları görməzdən gəldiyini, yaxud qəsdən təhrif etdiyini açıq şəkildə nümayiş etdirir. Xüsusilə vurğulanmalıdır ki, Avropa Parlamentinin bu cür "sənədlər" qəbul etməsi dövlətlərin suverenliyinə hörmət və daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir. Azərbaycan müstəqil dövlətdir, öz daxili siyasətini, hüquq-mühafizə və məhkəmə sistemini konstitusiya və milli qanunvericilik çərçivəsində həyata keçirir. Heç bir beynəlxalq qurumun siyasi təzyiq yolu ilə bu proseslərə müdaxilə etmək hüququ yoxdur". Deputat bildirib ki, bu tip qətnamələr nə insan hüquqlarının müdafiəsinə, nə də demokratik institutların inkişafına xidmət edir: "Əksinə, "siyasi məhbuslar", "siyasi təqiblər", "akademik azadlıqların pozulması" adı altında qəbul edilən birtərəfli və qərəzli qərarlar konstruktiv dialoqa, qarşılıqlı etimada və bərabərhüquqlu tərəfdaşlığa ciddi zərbə vurur". "Azərbaycan insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığa daim açıq olub, müvafiq konvensiyalara qoşulub və üzərinə götürdüyü öhdəlikləri ardıcıl şəkildə yerinə yetirib. Ölkəmiz beynəlxalq təşəbbüslərin fəal iştirakçısı kimi, bu sahədə islahatları milli maraqlar və cəmiyyətin inkişaf ehtiyacları əsasında həyata keçirir. Təəssüf ki, Avropa Parlamenti bir sıra hallarda beynəlxalq hüququn prinsiplərinə və özünün bəyan etdiyi dəyərlərə uyğun mövqe sərgiləmək əvəzinə, açıq şəkildə siyasi konyunkturadan, selektiv yanaşmalardan çıxış edir. Azərbaycan dövlətlərin hüquqlarına və suverenliyinə açıq hörmətsizlik göstərən, əsassız iddialarla müşayiət olunan bu tip qərəzli qətnamələri qətiyyətlə rədd edir və bildirir ki, təzyiq, ikili standartlara əsaslanan yanaşmalar beynəlxalq münasibətlərdə qəbuledilməzdir", - parlamentari vurğulayıb. Mərahim Nəsib
Səbinə Salmanova: "Təzyiq, ikili standartlara əsaslanan yanaşmalar beynəlxalq münasibətlərdə qəbuledilməzdir"
Mənbə oxu.az

Oxşar Xəbərlər