Dünya
Smartfonların sürətli şarj edilməsinin sirri
Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. Oxu.Az xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şarj etmək üçün uyğun adapter və kabel seçmək vacibdir. Bundan əlavə, cihazın öz xüsusiyyətləri və ətraf mühitin temperaturu da şarj sürətinə təsir edir. Mütəxəssis bu prosesdə nəzərə alınmalı amilləri sadalayıb. Marineli Siqe smartfonun dəstəklədiyi maksimum şarj gücünü ən vacib göstərici kimi qeyd edib. Məsələn, telefonun şarj gücü 45 vattla məhdudlaşırsa, ona 120 vattlıq adapter qoşmaq şarj müddətini qısaltmayacaq. Əksinə, adapterin gücü telefonun tələb etdiyindən aşağı olarsa, cihaz daha gec şarj olacaq. Şarj kabeli də tələb olunan gücə uyğun olmalı və müvafiq enerji ötürmə standartını dəstəkləməlidir. Buna görə də kabel seçərkən onun texniki göstəricilərinə diqqət yetirmək lazımdır. Batareyanın vəziyyəti də şarj prosesində mühüm rol oynayır. Köhnəlmiş batareya daha ləng şarj ola və enerjisini daha tez itirə bilər. Marineli Siqe şarj sürətinə xarici amillərin də təsir etdiyini xatırladıb. Məsələn, isti havada smartfon şarj edilərkən cihazın temperaturuna nəzarət edən xüsusi sistem həddindən artıq qızmanın qarşısını almaq üçün şarj gücünü azalda bilər.
Mənbə
oxu.az