Dünya
Belarusda 600-dən çox yaşayış məntəqəsində elektrik enerjisi təchizatı pozulub
Belarusa "Priska" siklonu çöküb. Ölkənin bəzi bölgələrində küləyin sürəti saniyədə 27 metrə çatan güclü külək müşahidə olunur. Oxu.Az xəbər verir ki, bu barədə Belarus Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Güclü külək nəticəsində ağac və budaqların elektrik verilişi xətlərinin üzərinə aşması 659 yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələrə səbəb olub. Belarus Energetika Nazirliyinin saat 19:00-a olan məlumatına görə, vəziyyət hələ də davam edir. Elektrik enerjisi olmayan obyektlər arasında 31 ferma və 16 qazanxana da var. Ən mürəkkəb vəziyyət Minsk, Vitebsk və Qrodno vilayətlərində yaranıb. Siklonun fəsadlarının aradan qaldırılması üçün 315 qəza-bərpa briqadası çalışır. Energetika Nazirliyində elektrik şəbəkələrindəki vəziyyətlə bağlı operativ qərargahın iclası keçirilib. "Bütün yaşayış məntəqələrində elektrik enerjisinin verilməsini təmin etmək və istehlakçıların elektrik təchizatını mümkün qədər operativ şəkildə bərpa etmək tapşırılıb", - deyə nazirlikdən bildirilib.
Mənbə
oxu.az