Dünya
Tramp administrasından Kanadaya gözlənilməz tələb - Karni AÇIQLADI
ABŞ administrasiyası Kanada ilə ticarət məsələləri üzrə danışıqlar zamanı Ottavadan digər ölkələrin məhsullarına rüsum tətbiq etməsini tələb edib. Oxu.Az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni mətbuat konfransında bildirib. "Bunun müəyyən sektorlarda elementləri var idi", - deyə o, Vaşinqtonun belə tələblər irəli sürüb-sürmədiyi ilə bağlı suala cavab verib. Karni əlavə edib ki, Kanada üçün sərfəli və hərtərəfli razılaşma çərçivəsində bu yanaşmanın məqsədəuyğun olduğunu qəbul etdikləri məqamlar olub. "Bu həftənin əvvəlində biz qarşılıqlı faydalı razılaşmaya yaxınlaşdığımızı düşünürdük. Son günlər ABŞ iqtisadi olmayan, ədalətsiz, Kanadanın maraqlarına zidd olan və istənilən razılaşmanın etibarlılığını şübhə altına alan yeni şərtlər təklif etdi. Qısaca desək, onlar həddən artıq çox tələb etdilər və çox az təklif etdilər", - deyə Karni ABŞ ilə danışıqların uğursuzluğundan danışarkən bildirib. "Biz onların təkliflərini qəbul edə bilməzdik və tələb etdiklərini verə bilməzdik", - deyə o əlavə edib. Karni yaydığı bəyanatda ABŞ ilə ticarət danışıqlarını dayandırmaq qərarını təsdiqləyib. O, Ottavanın "işçiləri və müəssisələri qorumaq" üçün cavab rüsumları tətbiq edəcəyini bildirib.
Mənbə
oxu.az