Cəmiyyət

Bu gün ölkəmizdə dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

23 Aug 2026, 00:32 1 baxış
Bu gün ölkəmizdə dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Bu gün ölkəmizdə dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır. Oxu.Az xatırladır ki, 1993-cü il avqustun 23-ü ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsi yaradılıb. Bununla da hər il avqustun 23-ü ölkəmizdə dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı kimi qeyd olunur. Ulu öndərin ölkəmizdə mühafizə sistemi ilə bağlı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu sahə sürətlə inkişaf edib. 2020-ci il martın 16-da imzalanan "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Prezident Fərmanı fəaliyyətin müasir dövrün tələbləri nəzərə alınmaqla yenidən qurulması baxımından mühüm addım olub. Fərmana əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin əsasında üç dövlət orqanı - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, məhz mühafizə sisteminin şəxsi heyəti ölkəmizin ərazi bütövlüyünün, ictimai-siyasi sabitliyin qorunması, respublikamızda baş verə biləcək terror aktlarının və digər mümkün təxribatların qarşısının alınması kimi çox mühüm sahələrdə peşəkar fəaliyyəti və fədakarlığı ilə diqqəti cəlb edir. Vətən müharibəsi zamanı bunun bir daha şahidi olduq. "Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin adı dəyişdirilərək Azərbaycan Respublikası Dövlət Mühafizə Xidməti ilə əvəz edilib. Birinci Qarabağ müharibəsində şəxsi heyətdən 13 nəfər şəhid olub, 21 nəfər itkin düşüb, 55 nəfər isə ağır yaralanıb. Milli Qvardiyanın alay komandiri Əfqan Hüseynov göstərdiyi igidliyə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına (ölümündən sonra) layiq görülüb, onun büstünün açılışı mərasimində ulu öndər Heydər Əliyev şəxsən iştirak edib. Hazırda dünyada, eləcə də ölkəmizdə informasiya təhlükəsizliyi dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət orqanları üçün xüsusi təyinatlı informasiya-kommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsinin, onların informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istifadəsini, təhlükəsizliyini və inkişafını təmin etmək, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyi məqsədilə xüsusi texniki tədbirləri həyata keçirir. Buraya, həmçinin dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi, internet resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqinin həyata keçirilməsi və digər vəzifələr daxildir. Dövlət xidmətinin əsas fəaliyyət istiqamətlərini informasiya təhlükəsizliyi, kibertəhdidlərin təhlili, eləcə də tədqiq edilən kiberinsidentlər, kibertəhlükələr barədə dövlət qurumlarını, cəmiyyəti və vətəndaşları məlumatlandırmaq, kiberhücumlar barədə xəbərdarlıqları çatdırmaq, maarifəndirmə işləri təşkil edir. Qurum, eyni zamanda, bu sahədə elmi-texniki innovasiyaların tətbiqini həyata keçirir. Dövlət Xidməti tərəfindən dövlət qurumlarına etibarlı və dayanıqlı məlumat mübadiləsi üçün qurulmuş "AzStateNet" şəbəkəsi özündə dövlət hakimiyyəti orqanı statusuna malik olan təşkilatlara məxsus, ərazi üzrə paylanmış şəbəkələrin və daxilolma serverlərini cəmləyir. "AzStateNet" istifadəçilərə internet şəbəkəsinin informasiya məkanına daxilolma imkanı verir və öz serverlərində yalnız Azərbaycanın dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə aid olan rəsmi məlumatları yerləşdirir. Dövlət Xidməti ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində də mühüm işlər görür. Kiberdiplomatiyanın yaranması beynəlxalq münasibətləri yenidən formalaşdırmaqla yanaşı, həm də yeni misilsiz imkanlar, təxirəsalınmaz tədbirlər görülməsinə dair çağırışlar təqdim edir. Kiberdiplomatiya kiberməkanın mürəkkəb və davamlı inkişaf edən kəşf edilməmiş hissəsində məqsədlərə nail olmaq üçün diplomatik vasitələrdən və təşəbbüslərdən istifadəni nəzərdə tutur. Yeni nəsil texnologiyaların tətbiqi və onların özü ilə gətirdiyi təhlükələrin artan tendensiyalarının timsalında aydın olur ki, kiberdiplomatiya təkcə bir seçim deyil, həm də beynəlxalq sabitliyin və təhlükəsizliyin gücləndirilməsi üçün zəruri alətdir. 2023-cü il avqustun 28-də Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası" ölkəmiz üçün böyük önəmə malikdir və uğurla icra olunur. Bu strategiya dövlətin, cəmiyyətin və insanların müasir İKT-dən təhlükəsiz istifadəsinin təmin edilməsi üçün milli informasiya təhlükəsizliyi səviyyəsinin yüksəldilməsinə, dövlət və özəl şəbəkələrin, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin olunmasına aid tədbirlərin müəyyənləşdirilməsinin və həyata keçirilməsinin təşkilinə, həmçinin fərdi məlumatların mühafizəsinə şərait yaradılmasına xidmət edir.
Bu gün ölkəmizdə dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Mənbə oxu.az

Oxşar Xəbərlər