Quraqlıq Avropada hərbi anbarları, gəmiləri üzər çıxardı
Avropada quraqlıq və meşə yanğınları I və II Dünya müharibələri dövründən qalan partlamamış hərbi sursatların üzə çıxmasına səbəb olub.
Axar.az xəbər verir ki bu barədə “Yevro Nyus” məlumat yayıb.
Məlumata görə, artıq Fransa, Almaniya, Belçika və Niderlandda baş verən yanğınlar artıq partlayışlara səbəb olub. Fransanın cənub-qərbində, Bordo yaxınlığında baş verən yanğın zamanı II Dünya müharibəsi dövrünə aid olduğu ehtimal edilən hərbi sursat anbarı aşkarlanıb. Belçikanın Lyej əyalətində, xüsusilə Hay Fens bölgəsində baş verən güclü yanğınlar zamanı xilasedicilər torpaq altında hərbi sursatların ola biləcəyini nəzərə alırlar.
Əyalət qubernatoru Erve Jamar bir neçə ayrı partlayışın baş verdiyini bildirib.
Quraqlıq təkcə köhnə hərbi sursatların aşkarlanmasına səbəb olmayıb. Avropadakı çaylarda suyun səviyyəsinin azalması nəticəsində alman hərbi gəmiləri, Vermaxtın motosikleti və II Dünya müharibəsi dövrünə aid bombalar da üzə çıxıb.
Arizona Universitetinin tədqiqatçısı Kristina Qrin bildirib ki, iqlim dəyişikliyi Avropanın bəzi bölgələrində uzun müddətdir üzləşilməyən “müharibə və münaqişələrin mirasını” sözün əsl mənasında yenidən üzə çıxarır.