Siyasət

XİN-dən Zaxarovaya SƏRT CAVAB: "Son qoyulmalıdır"

28 Jul 2026, 11:52 22 baxış
XİN-dən Zaxarovaya SƏRT CAVAB: "Son qoyulmalıdır"
"Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın növbəti dəfə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Mariya Zaxarovanın fikirlərini şərh edərkən deyib. O bildirib ki, Qarabağ bölgəsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Federasiyası tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb: "Bu səbəbdən KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı - red.) mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycanın suveren ərazilərinə münasibətdə tətbiq edilməsi məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdi və bunun Qarabağ bölgəsinin Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı rəsmi mövqeyinə zidd olmaqla yanaşı, tamamilə əsassızdır". O bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn tələblərinə uyğun olaraq bərpa edib və bununla keçmiş münaqişə həll olunub: "Bu çərçivədə, Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır". Qeyd edək ki, iyulun 27-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Qvardeysk" gənclər forumunda çıxış edərkən bildirib: "Ermənistanla bağlı bir hadisə var idi, o deyirdi: "Gəlin KTMT mexanizmini işə salaq". Əslində isə - kimə və nəyə münasibətdə? Ermənistanın özünün nə öz ərazisi, nə də müstəqil kimi tanımadığı o əraziyə, Qarabağa. Belə şəraitdə KTMT-nin kollektiv təhlükəsizlik mexanizminin istifadəsi qeyri-mümkün idi".
Mənbə oxu.az

Oxşar Xəbərlər