Siyasət

Rusiya və Ukrayna arasında sülh üçün yeni mərhələ: Hava atəşkəsi realdırmı?

27 Jul 2026, 16:12 3 baxış
Rusiya və Ukrayna arasında sülh üçün yeni mərhələ: Hava atəşkəsi realdırmı?
Amerika Birləşmiş Ştatları və Ukraynanın Rusiyaya hava məkanında qarşılıqlı zərbələrin dayandırılması ilə bağlı təqdim etməyə hazırlaşdığı təklif müharibənin tam dayandırılmasından daha çox, məhdud hərbi deeskalasiya mexanizmi təəssüratı bağışlayır. Məlumata görə, Vaşinqton və Kiyev diplomatik danışıqlara yeni impuls vermək məqsədilə Rusiyaya "hava atəşkəsi" modelini təqdim etməyi müzakirə edir. Rusiya tərəfi təklifi şərh etmək istəməsə belə, təkzib də etməyib. Hava müharibəsinin niyə əsas hədəf olmasına gəlincə, 2022-ci ildən etibarən Rusiya-Ukrayna müharibəsində raket, pilotsuz uçuş aparatları və uzaqmənzilli zərbələr münaqişənin ən dağıdıcı komponentlərindən birinə çevrilib. Enerji infrastrukturu, sənaye müəssisələri, hava limanları və yaşayış məntəqələri əsas hədəflər olub. Nəticədə hər iki tərəfin ümumi hərbi itkilərinin (ölən və yaralananlar) sayı 2 milyon nəfərə çatıb. Bu baxımdan, hava hücumlarının dayandırılması mülki itkilərin əhəmiyyətli dərəcədə azalması, enerji və nəqliyyat infrastrukturunun bərpasına imkan yaranması, tərəflər arasında minimum etimad mühitinin formalaşma ehtimalı və daha geniş siyasi danışıqlar üçün ilkin zəmin yaranması deməkdir. Üstəlik, tam cəbhəboyu atəşkəsdən fərqli olaraq, yalnız hava zərbələrinin məhdudlaşdırılması nəzarət baxımından daha real görünür. Çünki peyk müşahidələri, radar sistemləri və beynəlxalq monitorinq vasitələri raket və pilotsuz aparat hücumlarını nisbətən daha asan qeydə ala bilir. Həmçinin, tərəflər onsuz da irəli sürdükləri şərtlərin qəbul edilmədiyi təqdirdə danışıqlara da müsbət yanaşmırlar. Bu baxımdan, ən optimal variant məhdud, lakin önəmli dərəcədə münaqişənin təsir qüvvəsini azaldacaq hava atəşkəsidir.
Nümunə olaraq qeyd etmək yerinə düşər ki, müharibələr tarixində məhdud atəşkəs modelləri tam sülhdən əvvəl tətbiq olunan keçid mərhələsi kimi istifadə olunub. Məsələn, Bosniya müharibəsi zamanı NATO-nun tətbiq etdiyi "uçuşa qadağa zonası" mülki əhalinin qorunmasına və diplomatik proseslərin sürətlənməsinə təsir göstərmişdi. 1992-ci ildən 1995-ci ilə qədər serb birləşmələri, Bosniya müsəlman ordusu və xorvatlar arasında davam edən müharibədə 200.000-ə yaxın insan qətlə yetirilmiş (Beynəlxalq Qızıl Xaç cəmiyyətinin məlumatlarında görə bu rəqəm 312 mindir), 2 milyondan çox insan yer-yurdundan didərgin düşmüşdü. Müharibədə qətlə yetirilənlərin əksəriyyəti isə müsəlman bosniyalılar idi və münaqişə onlara qarşı soyqırımı xarakteri daşıyırdı. Bosniya müharibəsi zamanı NATO-nun tətbiq etdiyi "uçuşa qadağa zonası" (Operation Deny Flight) adı ilə həyata keçirilmiş və alyans tarixində ilk hərbi müdaxilə kimi yadda qalmışdı.
Bununla yanaşı, 2014-cü ildən bəri dünyanın ən çətin humanitar böhranlarından birinə səbəb olan Yəməndəki silahlı münaqişə 2022-ci ildə BMT vasitəçiliyi ilə əldə olunan qismən atəşkəslə hava zərbələrinin azalmasına, nəticədə humanitar yardımın çatdırılmasının asanlaşması ilə nəticələnmişdi. Yəməndə BMT vasitəçiliyi ilə elan edilən atəşkəs dövrlərində Səudiyyə Ərəbistanının rəhbərliyindəki koalisiyanın hava zərbələri və husilərin sərhəddən etdiyi hücumlar tamamilə dayanmış, mülki vətəndaşların itkiləri və məcburi köçkünlük əhəmiyyətli dərəcədə azalmışdı. Atəşkəs razılaşmasının nəticəsi olaraq tərəflər bütün hücum xarakterli hava, quru və dəniz əməliyyatlarını dayandırmağı qəbul etmiş, şiddətli hava zərbələrinin kəsilməsi nəticəsində mülki şəxslər arasında tələfat və yaralanmalar yarıdan çox azalmış, Hodeyda limanına yanacaq gəmilərinin daxil olması və Səna hava limanından kommersiya uçuşlarının bərpası asanlaşmışdı.
Rusiya-Ukrayna müharibəsində isə indiyədək dini və ortaq tarixə məxsus bayram və əlamətdar günlərlə bağlı qısamüddətli atəşkəs cəhdləri edilsə də uzunömürlü olmayıb. Tərəflər dəfələrlə bir-birini razılaşmaları pozmaqda təqsirləndiriblər. Bu təcrübə göstərir ki, məhdud hərbi razılaşmalar siyasi iradə olmadıqda davamlı sülh yaratmır, lakin dialoq kanallarını tam bağlanmağa da qoymur. Bu baxımdan beynəlxalq münasibətlər nəzəriyyəsində "confidence-building measures" (etimad yaradan tədbirlər) anlayışı geniş istifadə olunur. Hava hücumlarının dayandırılması da məhz belə addımlardan biri hesab edilir. Bu cür razılaşma növbəti mərhələdə enerji obyektlərinə hücumların dayandırılması, Qara dənizdə təhlükəsiz gəmiçiliyin bərpası, əsirlərin mübadiləsinin genişləndirilməsi və humanitar dəhlizlərin açılması kimi məsələlərin də gündəmə gəlməsi mümkündür. Bu baxımdan, hava atəşkəsi məqsəd deyil, daha geniş siyasi razılaşmaya aparan vasitədir.
Bununla belə, təşəbbüsün uğuru isə bir sıra ciddi amillərdən asılıdır. Birincisi, tərəflər arasında etimad faktiki olaraq yoxdur. İkincisi, hava hücumları hər iki ölkə üçün mühüm hərbi təzyiq alətinə çevrilib. Ukrayna uzaqmənzilli pilotsuz aparatlarla Rusiyanın hərbi və enerji obyektlərini hədəfə alır, Rusiya isə raket və PUA hücumları ilə Ukraynanın infrastrukturuna zərbələr endirməyə davam edir. Üçüncüsü, atəşkəsin monitorinqi və pozuntuların hüquqi qiymətləndirilməsi üzrə mexanizm yaradılmadan razılaşmanın davamlı olması çətin görünür. Bu isə son nəticədə hava atəşkəsi təklifinin müharibəni dərhal bitirəcək həll kimi görünmədiyi qənaəti verir. Lakin bu təşəbbüs diplomatik prosesin yenidən canlanması üçün mühüm başlanğıc ola bilər. Əgər tərəflər heç olmasa səma üzərində qarşılıqlı zərbələri dayandırmağa razılaşsalar, bu, humanitar vəziyyətin yaxşılaşmasına, mülki itkilərin azalmasına və gələcək sülh danışıqları üçün zəruri etimad mühitinin formalaşmasına zəmin yarada bilər.
Rusiya və Ukrayna arasında sülh üçün yeni mərhələ: Hava atəşkəsi realdırmı? Rusiya və Ukrayna arasında sülh üçün yeni mərhələ: Hava atəşkəsi realdırmı? Rusiya və Ukrayna arasında sülh üçün yeni mərhələ: Hava atəşkəsi realdırmı? Rusiya və Ukrayna arasında sülh üçün yeni mərhələ: Hava atəşkəsi realdırmı? Rusiya və Ukrayna arasında sülh üçün yeni mərhələ: Hava atəşkəsi realdırmı? Rusiya və Ukrayna arasında sülh üçün yeni mərhələ: Hava atəşkəsi realdırmı? Rusiya və Ukrayna arasında sülh üçün yeni mərhələ: Hava atəşkəsi realdırmı? Rusiya və Ukrayna arasında sülh üçün yeni mərhələ: Hava atəşkəsi realdırmı?
Mənbə oxu.az

Oxşar Xəbərlər