Siyasət

Qərbin bölünən imkanları - ABŞ-İran münaqişəsi Rusiya-Ukrayna müharibəsini kölgədə qoyur?

16 Jul 2026, 15:44 1 baxış
Qərbin bölünən imkanları - ABŞ-İran münaqişəsi Rusiya-Ukrayna müharibəsini kölgədə qoyur?
Qlobal geosiyasi gərginliyin eyni vaxtda bir neçə istiqamətdə artması beynəlxalq münasibətlər sistemində yeni risklər və strateji hesablamalar zərurəti yaradır. ABŞ-nin diqqətinin Yaxın Şərqdə, xüsusilə İran ətrafında baş verən proseslərə yönəlməsi fonunda Rusiya ilə müharibə baxımından Ukraynada bunun mümkün nəticələri xüsusilə diqqət çəkir. Bəs Vaşinqtonun hərbi, siyasi və diplomatik resurslarının fərqli böhran ocaqları arasında bölünməsi həm Ukraynaya göstərilən dəstəyin davamlılığına, həm də Rusiya-Ukrayna müharibəsinin gələcək gedişinə təsir göstərirmi? Mövzu ilə bağlı Oxu.Az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, bir neçə qlobal böhranın pararlel baş verməsi böyük dövlətlərin prioritetlərinə və imkanlarının bölgüsünə birbaşa təsir edir:
"ABŞ-nin diqqətinin İran istiqamətində artması fonunda Ukrayna üçün əsas problem Vaşinqtonun siyasi, hərbi və diplomatik resurslarının bir hissəsinin Yaxın Şərqə yönəltməsi ilə bağlıdır. Ukrayna ilk növbədə əldə etdiyi hərbi yardımın azalması və kəsilməsindən narahatdır. Xüsusilə hava hücumundan müdafiə sistemləri, raket ehtiyatları və yüksək texnologiyalı silahlar müasir müharibədə həlledici əhəmiyyət daşıyır. Bu silah və texnika isə böyük ölçüdə ABŞ tərəfindən təmin olunur. Düzdür, Trampın ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu dəstək dolayısı ilə - yəni Avropa İttifaqı (Aİ) ölkələrinə satılmaqla davam edir, istənilən halda həmin texnika Ukraynaya çatır və onun özünümüdafiəsi və müharibəni davam etdirməsinə imkan yaradır. Yaxın Şərqdə genişmiqyaslı qarşıdurma isə Vaşinqtonun diqqətini, bəzi hərbi imkanlarını Ukrayna istiqamətindən qismən yayındıra bilər və Zelenski də bundan narahatdır". "Bununla yanaşı, məsələ yalnız silah təminatı ilə də məhdudlaşmır. Diplomatik diqqət də olduqca mühüm resursdur. ABŞ-nin siyasi gündəmində İran məsələsinin ön plana çıxması Ukrayna ilə bağlı diplomatik təşəbbüslərin tempinə istər-istəməz təsir göstərir. Rusiya isə belə vəziyyətlərdə Qərbin diqqətinin bölünməsindən strateji üstünlük əldə etməyə çalışır. Moskva üçün əsas məqsədlərdən biri Qərb koalisiyasında yorğunluq yaratmaq və Ukraynaya dəstəyin davamlılığı ilə bağlı suallar formalaşdırmaqdır", - deyə ekspert vurğulayıb. Onun sözlərinə görə, digər mühüm məqam Rusiya ilə İran arasındakı münasibətlərdir: "Moskva və Tehran son illərdə xüsusilə hərbi və iqtisadi sahələrdə yaxın əməkdaşlıq qurublar. İranın pilotsuz uçuş aparatları sahəsində Rusiyaya verdiyi dəstək Ukrayna müharibəsi kontekstində tez-tez müzakirə olunan məsələlərdəndir. Eyni zamanda, Yaxın Şərqdə gərginliyin artması enerji bazarlarına təsir etməklə Rusiyanın gəlirlərinə də dolayı təsir göstərir. Neft qiymətlərində artım Moskvanın müharibəni maliyyələşdirmək imkanlarını genişləndirə biləcək amillərdən biri kimi qiymətləndirilir. Lakin bu vəziyyət Rusiyanın tam üstünlük qazanacağı anlamına da gəlməməlidir. Uzunmüddətli perspektivdə Moskva da əlavə geosiyasi təzyiqlərlə üzləşə bilər. ABŞ-nin diqqətinin İrana yönəlməsi müvəqqəti faktordur və Qərb ölkələrinin Ukraynaya dəstək siyasəti digər siyasi qərarlardan asılı olaraq davam edəcək. Odur ki, ABŞ-İran gərginliyi ilə Rusiya-Ukrayna münaqişəsi arasında birbaşa səbəb-nəticə əlaqəsi olmasa da, hər iki böhran qlobal güc balansına təsir edən qarşılıqlı bağlı proseslərdir. Ukrayna üçün əsas risk beynəlxalq diqqətin və resursların azalmasıdır. Rusiya üçün isə əsas imkan Qərbin diqqətinin parçalanmasından istifadə etməkdir". Beynəlxalq münasibətlər üzrə türkiyəli mütəxəssis İsmayıl Cingöz isə Oxu.Az-a bildirib ki, ABŞ-nin diqqətinin İrana və ümumilikdə Yaxın Şərqə yönəlməsi Ukrayna üçün təkcə hərbi dəstəyin azalması demək deyil:
"Burada daha genişmiqyaslı strateji diqqət və resurs bölgüsü problemi ortaya çıxır. Çünki böyük güclər eyni vaxtda bir neçə böhran ocağında fəaliyyət göstərə bilsələr də onların hərbi, diplomatik və iqtisadi imkanları sonsuz deyil. Vaşinqtonun İran mərkəzli proseslərə daha çox fokuslanması Körfəz regionunun təhlükəsizliyi, İsrailin müdafiəsi, enerji marşrutlarının qorunması və bölgədəki ABŞ hərbi bazalarının təhlükəsizliyi kimi məsələləri yenidən ön plana çıxarır. Bu isə təbii olaraq Vaşinqtonun Ukrayna məsələsinə ayırdığı siyasi və hərbi diqqətin müəyyən dərəcədə zəifləməsinə səbəb olur". "Ukraynanın ilk itkisi beynəlxalq gündəmdə ona olan diqqətin azalmasıdır. Müharibə davam etsə belə, dünya ictimaiyyətinin nəzərləri başqa bir böhran bölgəsinə yönəldikdə Kiyevin diplomatik təsir imkanları zəifləyə bilər. İkinci itki isə silah-sursat, hava hücumundan müdafiə sistemləri və maliyyə dəstəyi sahəsində yarana biləcək gecikmələrdir. Xüsusilə ABŞ ilə İran arasında zaman-zaman qarşılıqlı toqquşmaların baş verməsi Vaşinqtonun eyni vaxtda həm Yaxın Şərqdəki müttəfiqlərini dəstəkləməsini, həm də Ukraynaya yüksək intensivlikli hərbi yardım göstərməsini çətinləşdirir və resursların prioritet bölgüsü məsələsini gündəmə gətirir", - deyə analitik vurğulayıb. Onun sözlərinə görə Rusiya bu vəziyyəti öz baxımından fürsət kimi qiymətləndirir: "Moskvanın əsas hesabı ondan ibarətdir ki, Qərb eyni vaxtda bir neçə cəbhədə uzun müddət yüksək xərcli mübarizə apara bilməz. ABŞ-nin diqqətinin İrana yönəlməsi Rusiyanın Ukrayna cəbhəsində hücumlarını artırması, hərbi təzyiqi gücləndirməsi və yeni ərazi uğurları əldə etməyə çalışması üçün daha əlverişli şərait yarada bilər. Beləliklə, Rusiya-Ukrayna müharibəsindəki yenidən canlanma ilə İran-ABŞ gərginliyi arasında birbaşa deyil, dolayı, lakin güclü əlaqə mövcuddur. Bu əlaqənin əsasını ABŞ-nin strateji diqqətinin müxtəlif istiqamətlərə bölünməsi təşkil edir. Beynəlxalq münasibətlər nəzəriyyəsində bu hal böyük güclərin bir böhranla məşğul olduğu dövrdə rəqib aktorların başqa bölgələrdə manevr imkanlarını genişləndirməsi kimi izah olunur. Rusiya ilə İran arasındakı münasibətləri də nəzərdən qaçırmamaq lazımdır. Moskva və Tehran bütün məsələlərdə eyni mövqedən çıxış etməsələr də, hər iki ölkə ABŞ-nin müxtəlif cəbhələrdə təzyiq altında qalmasından müəyyən dərəcədə fayda əldə edir. İranın Yaxın Şərqdə ABŞ-ni məşğul etməsi Rusiyanın Avropa istiqamətində hərəkət imkanlarını genişləndirə bilər. Eyni zamanda Rusiyanın Ukraynada Qərbi yorması İran üzərindəki təzyiqin məhdudlaşmasına müəyyən töhfə verə bilər. Lakin bu prosesləri yalnız İran, Rusiya, ABŞ və Ukrayna müstəvisində qiymətləndirmək kifayət deyil. Hadisələr Cənubi Qafqazı, Azərbaycanı və Türkiyəni də yaxından maraqlandırır. Çünki regiondakı hər bir güc balansı dəyişikliyi enerji təhlükəsizliyinə, nəqliyyat marşrutlarına, Zəngəzur dəhlizinə və türk dünyasının geostrateji mövqeyinə birbaşa təsir göstərir". O əlavə edib ki, Türkiyə isə bu geosiyasi prosesdə mərkəzi mövqeyə malikdir: "NATO üzvü olması, Qara dənizə çıxışının mövcudluğu, Rusiya və Ukrayna ilə münasibətlərini davam etdirə bilməsi, eyni zamanda İran və Yaxın Şərqdə baş verən prosesləri yaxından izləməsi Ankaranı çoxşaxəli diplomatiya yürütməyə məcbur edir. Bu isə Türkiyənin təkcə regional deyil, həm də qlobal təhlükəsizlik baxımından mühüm mərkəz dövlət olduğunu bir daha göstərir. Nəticə etibarilə ABŞ-nin diqqətini İrana yönəltməsi Ukraynanın hərbi dəstək, siyasi aktivlik və diplomatik prioritetlər baxımından müəyyən itkilərlə üzləşməsinə səbəb ola bilər. Rusiya isə Vaşinqtonun bölünmüş strateji diqqətindən istifadə edərək Ukrayna cəbhəsində təzyiqi artırmağa çalışacaq. Buna görə də İran-ABŞ gərginliyi ilə Rusiya-Ukrayna müharibəsini bir-birindən tamamilə müstəqil iki böhran kimi deyil, çoxqütblü beynəlxalq sistemdə bir-birinə təsir göstərən iki geosiyasi cəbhə kimi qiymətləndirmək daha doğru yanaşmadır".
Qərbin bölünən imkanları - ABŞ-İran münaqişəsi Rusiya-Ukrayna müharibəsini kölgədə qoyur? Qərbin bölünən imkanları - ABŞ-İran münaqişəsi Rusiya-Ukrayna müharibəsini kölgədə qoyur? Qərbin bölünən imkanları - ABŞ-İran münaqişəsi Rusiya-Ukrayna müharibəsini kölgədə qoyur? Qərbin bölünən imkanları - ABŞ-İran münaqişəsi Rusiya-Ukrayna müharibəsini kölgədə qoyur?
Mənbə oxu.az

Oxşar Xəbərlər