Əli Əsədov Slovakiya prezidenti ilə görüşdü - Foto
Azərbaycan Baş naziri Əli Əsədov Slovakiyanın Prezidenti Peter Pelleqrini ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Belə ki, görüşdə Slovakiya Prezidenti P.Pelleqrininin Azərbaycana rəsmi səfərinin və səfər çərçivəsində iki ölkənin dövlət başçıları arasında Şuşada keçirilmiş danışıqların Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm təkan verəcəyi vurğulanıb.
Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində, xüsusilə Ağdam rayonunun Baş Qərvənd kəndinin tikintisində iştirakının önəmi qeyd olunub.
Slovakiya tərəfindən Baş Qərvənd kənd tam orta məktəb binasının inşa edilərək Azərbaycan tərəfinə hədiyyə olunması təşəbbüsü yüksək qiymətləndirilərək buna görə minnətdarlıq ifadə edilib.
Azərbaycan ilə Slovakiya arasında siyasi, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
Oxşar Xəbərlər