Siyasət
Prezidentin xüsusi nümayəndəsi: "Baş Qərvənd kəndində Slovakiya mütəxəssislərinin təcrübəsi fayda verib"
"Ağdam rayonunun Baş Qərvənd kəndində tikinti işləri davam edir. Layihəni Slovakiyadan olan mütəxəssislər hazırlayıb və tikinti prosesi də Slovakiya şirkətləri tərəfindən ümumi idarə edilir". Oxu.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov söyləyib. Prezidentin xüsusi nümayəndəsi bildirib ki, Baş Qərvənd "Ağıllı kənd" konsepsiyası əsasında layihələndirilib və işğaldan azad olunmuş ərazilərdə inşa edilən ən böyük kənd olacaq. Birinci mərhələdə 851 fərdi yaşayış evinin, 840 şagird yerlik tam orta məktəbin, iki körpələr evi-uşaq bağçasının, inzibati binanın, tibb məntəqəsinin və digər qeyri-yaşayış obyektlərinin tikintisi nəzərdə tutulur. "Baş Qərvənddə ikinci mərhələdə əlavə 400 ev tikiləcək və bununla da kəndin ümumi əhalisinin 1 200-1 250 ailəyə çatdırılması planlaşdırılır. Kənddə yaradılan sosial və mühəndis infrastrukturu qabaqcıl Avropa standartlarına uyğun qurulur və bir sıra innovativ həllər tətbiq edilir. Slovakiya mütəxəssislərinin təcrübəsindən yararlanmaq faydalı olub və bu təcrübədən gələcək layihələrdə də istifadə olunacaq", - deyə o vurğulayıb. E.Hüseynov əlavə edib ki, layihənin ilin sonunadək başa çatdırılması və dekabrın 1-dən Baş Qərvənd kəndinə ilk köçün həyata keçirilməsi planlaşdırılır. Hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər