FİFA su fasilələrindən əlavə gəlir əldə edir? - İnfantino
FİFA prezidenti Canni İnfantino DÇ-2026-da tətbiq olunan su fasilələri ilə bağlı danışıb.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, ilk dəfə bu mundialda tətbiq edilən qaydaya əsasən, oyunların 22-ci və 67-ci dəqiqələrində 3 dəqiqəlik su fasiləsi verilir. Həmin vaxt sonradan hər hissənin əlavə vaxtına artırılır.
İnfantino bu qərarın əsas səbəbinin isti hava şəraiti olduğunu bildirib:
"Əsas səbəb istidir. Lakin nəzərə almalıyıq ki, dünya çempionatı kimi 39 gün davam edən turnirdə komandalar potensial olaraq 8 oyun keçirə bilər. Belə şəraitdə istirahət etmək imkanı son dərəcə vacibdir.
Bütün komandaların hər matçda eyni şərtlər altında çıxış etməsini təmin etmək bizim üçün əsasdr. Məşqçinin yalnız havanın daha isti olmasına görə oyuna təsir etmək imkanı qazanması, başqa oyunda isə temperaturun aşağı olması səbəbindən bu imkandan məhrum qalması düzgün deyil. Buna görə də su fasilələri bütün matçlarda tətbiq olunur və hamı üçün bərabər şərait yaradılır".
FİFA rəhbəri bu qərarın maliyyə məqsədi daşımadığını da vurğulayıb:
"FİFA bundan əlavə gəlir əldə etmir. Bütün kommersiya müqavilələri əvvəlcədən imzalanıb. Buna görə də burada maliyyə məsələsi yoxdur. Bu, sırf idmanla bağlı qərardır".
Qeyd edək ki, su fasiləsi qaydası və fasilə zamanı müxtəlif reklam elementlərinə yer verilməsi futbol ictimaiyyətinin narazılığına və müzakirələrə səbəb olub.