İdman
"Tanrının əli": Şilton 40 ildən sonra Maradona barədə fikirlərini dəyişdi
İngiltərə millisinin heyətində ən çox oyun keçirmiş rekordçu Piter Şilton, 1986-cı il dünya çempionatında (DÇ-1986) əllə vurduğu qola görə argentinalı əfsanə Dieqo Maradonaya artıq kin saxlamadığını bildirib. Oxu.Az xəbər verir ki, sabiq qapıçının bu fikirlərini "The Sun" nəşri yayımlayıb. Qarşılaşmanın 51-ci dəqiqəsində Maradona Şiltonun qapısına əllə qol vuraraq hesabı açmışdı. Qayda pozuntusuna baxmayaraq, qol qeydə alınmış və sonradan tarixə "Tanrının əli" kimi düşmüşdü. Həmin matçda 2:1 hesabı ilə qalib gələn Argentina yığması daha sonra dünya çempionatının da qalibi olmuşdu. "Həmin hadisələrdən 40 ilə yaxın vaxt keçib. Bir müddət əvvəl sənədli filmin çəkilişləri zamanı bəzi argentinalı futbolçularla görüşdüm, mənə qarşı çox mehriban davrandılar. Düşünürəm ki, artıq incikliklərə son qoymağın vaxtı çatıb. Futbol möhtəşəm idman növüdür, o, xalqları və insanları birləşdirir", - deyə Şilton vurğulayıb. Hazırda 76 yaşı olan keçmiş qolkiper Maradonanı təxminən qırx ildir ki, kobud oyununa və üzr istəməməsinə görə dəfələrlə açıq şəkildə tənqid edib. Argentinalı futbolçunun 2020-ci ilin noyabr ayında vəfat etməsindən sonra belə, Şilton bu epizodu tam olaraq bağışlaya bilməyəcəyini demişdi.
Mənbə
oxu.az