İdman
Cüdoçumuz Balabəy Ağayev "Böyük Dəbilqə"də qızıl medal qazandı
Monqolustanın paytaxtı Ulan-Bator şəhərində keçirilən nüfuzlu "Böyük Dəbilqə" turniri Azərbaycan üçün uğurla başlayıb. Oxu.Az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Balabəy Ağayev bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına sahib çıxıb. Cüdoçumuz həlledici final görüşündə əsl əzmkarlıq nümayiş etdirib. O, yaponiyalı dünya çempionu Ryuju Naqayamanı məğlubiyyətə uğradaraq turnirin qalibi adını qazanıb. Eyni çəki dərəcəsində (60 kq) yarışan digər idmançımız Əhməd Yusifov isə üçüncü yer uğrunda təsəlliverici görüşdə tatamiyə çıxıb. Lakin, o, İtshak Aşpiz ilə qarşılaşmada məğlub olaraq mükafatsız qalıb. Xatırladaq ki, beynəlxalq səviyyəli "Böyük Dəbilqə" turnirinə iyunun 21-də yekun vurulacaq. Bu mötəbər yarışda Azərbaycan milli komandası 17 cüdoçu ilə təmsil olunur.
Mənbə
oxu.az