İdman
Reklamlar arasında oynanılan dünya çempionatı
Qətər cəmi 2.5 milyon əhalisi olan bir ölkədir. Buna baxmayaraq, 2011-ci ildə Fransanın PSJ klubunu satın alaraq dünya futbolunun ən təsirli oyunçularından birinə çevrildi. Bu addım kənardan sadəcə futbol investisiyası kimi görünürdü. Əslində isə PSJ Qətərin dünyaya açılan reklam lövhəsinə çevrilmişdi. Dünyanın ən böyük futbol ulduzları Parisə gətirilir, klubun adı çəkilən hər yerdə Qətərdən də danışılırdı. Futbol artıq yalnız idman deyil, ölkələrin imic formalaşdırmaq və təsir dairəsini genişləndirmək üçün istifadə etdiyi qlobal platformaya çevrilirdi. Bu prosesin kökləri daha əvvələ gedib çıxır. Roman Abramoviçin "Çelsi"ni satın alması futbolun sənayeləşməsinin ilk böyük mərhələlərindən biri hesab olunur. Ardınca milyarderlər, dövlət fondları və qlobal şirkətlər futbolun içinə daxil oldu. Klub idarəçiliyi ilə marketinq strategiyası arasındakı sərhədlər getdikcə silinməyə başladı. Əgər Abramoviç dövrü klubların investisiya obyektinə çevrilməsini simvolizə edirdisə, Qətər dövrü futbolun dövlət marketinq alətinə çevrilməsini göstərirdi. Bu gün isə həmin proses yeni mərhələyə keçib. Artıq təkcə klublar və futbolçular deyil, oyunun özü də kommersiya məhsuluna çevrilir. 2026 dünya çempionatında tətbiq olunacaq yeni qaydalardan biri bunu aydın şəkildə göstərir. FIFA-nın qərarına əsasən, matçlar faktiki olaraq dörd hissəyə bölünəcək. Rəsmi səbəb futbolçular üçün nəzərdə tutulan su fasilələri olsa da, bu fasilələr eyni zamanda yeni reklam sahələri yaradır. Hesablamalara görə, 30 saniyəlik reklamın qiyməti 750 min dollara qədər yüksəlir. Təkcə su fasilələrindən əldə olunacaq gəlirin 332.8 milyon dollar olacağı proqnozlaşdırılır. Bu qərar təsadüfi görünmür. 1990-cı illərdən bəri sürətlə kommersiyalaşan futbol artıq çoxdan sadəcə idman olmaqdan çıxıb. Futbolçular qlobal əyləncə sənayesinin simalarına, matçlar kommersiya məhsuluna, azarkeşlər isə müştərilərə çevriliblər. Oyunun idarəediciləri üçün əsas göstərici getdikcə idman keyfiyyətindən çox gəlirin həcmi olur. Dünya Kubokunun son illərdə Qətər və ABŞ kimi bazarlara yönəlməsi də bu tendensiyanın təsadüfi olmadığını göstərir. Xüsusilə, ABŞ modeli idmanı televiziya məhsulu kimi təqdim etməyi və yaranan hər saniyəni gəlir mənbəyinə çevirməyi mükəmməl şəkildə bacarıb. Bu gün "oyunçuların sağlamlığı" arqumenti ilə əsaslandırılan su fasilələrinin sabah futbolun ayrılmaz hissəsinə çevrilməyəcəyinə dair heç bir zəmanət yoxdur. Keçmişdə futbol işçi sinfinin oyunu hesab olunurdu. Bu gün isə forma qiymətləri, stadion xərcləri, bilet paketləri və futbol turizmi onu getdikcə daha çox orta və yuxarı təbəqənin əyləncəsinə çevirir. Daha aşağı gəlirli azarkeşlərin payına isə televiziya qarşısında oyun izləmək qalır. Lakin artıq onların diqqəti də satış predmetinə çevrilib. Azarkeşlərdən təkcə bilet, forma və yayım haqqı üçün pul alınmır. Oyunun içində yaranan hər boşluq reklam üçün istifadə olunur. Futbol meydanında topun hərəkəti ilə reklam blokları arasında gedən mübarizədə isə qalib tərəf sanki çoxdan müəyyənləşib. Yurgen Kloppun dediyi kimi, futbol getdikcə "kondisionerli ofislərdə oturan idarəçilərin girovuna" çevrilir. Sual budur: bu prosesin sonunda meydanda hələ də futbol qalacaq, yoxsa reklam fasilələri arasında oynanan bir televiziya şousu izləyəcəyik?
Mənbə
oxu.az