İdman

Futbolun ən böyük "Əgər"i - Fenomenin qayıdışı

14 Jun 2026, 21:00 2 baxış
Futbolun ən böyük "Əgər"i - Fenomenin qayıdışı
90-cı illər futbolun bəlkə də ən əzəmətli dövrü idi. Bir çox futbol adamı həmin dövrü həm ulduz bolluğu, həm də rəngarənglik baxımından oyunun zirvəsi hesab edir. Roberto Baccio, Zinəddin Zidan, Romario kimi ulduzlar meydanları bəzəyirdilər. O illərdə İtaliya A seriyası sadəcə ölkə çempionatı deyil, kiçik dünya çempionatı hesab olunurdu. Dünyanın ən böyük futbolçularının əksəriyyəti məhz İtaliyada oynayırdı. Belə bir dövrdə Braziliyadan yeni bir istedad parlayırdı. Sonralar "Fenomen" ləqəbi ilə tanınacaq Ronaldo Nazario. 1998-ci il dünya çempionatı onun karyerasında xüsusi yer tutur. Həmin vaxt dünyanın ən yaxşı iki futbolçusu hesab olunan Ronaldo və Zidan finalda üz-üzə gəlmişdilər. Final isə Zidanın şousu və Fransanın çempionluğu ilə nəticələndi. Bir çoxları üçün sual açıq qaldı: Ronaldo həqiqətənmi ölkəsini dünya çempionluğuna daşıyacaq qədər böyük futbolçu idi? Bu sualın cavabı dörd il sonra verildi. Ağır diz zədələri səbəbindən uzun müddət meydanlardan uzaq qalan Ronaldo 2002-ci il dünya çempionatına çox az oyun keçirmiş halda gəlmişdi. Buna baxmayaraq, Braziliya millisinin əsas hücumçularından biri kimi heyətə daxil edildi. Hətta futbol tarixinin ən böyük "əgər"lərindən biri də məhz onun adı ilə bağlıdır. Əgər zədələr olmasaydı, bəlkə də bu gün futbolsevərlər Messi və Kriştianu Ronaldunu deyil, onların fenomen Ronaldo səviyyəsinə çata bilib-bilmədiyini müzakirə edərdilər. Asiyada keçirilən mundial gözlənilməz nəticələrlə yadda qaldı. Son dünya çempionu Fransa qrup mərhələsindən keçə bilmədi. Braziliya isə turnir boyunca öz gücünü nümayiş etdirdi. Ronaldo ilə yanaşı, Rivaldo, Ronaldinyo və Roberto Karlos kimi ulduzlardan ibarət heyət əsas favoritlərdən sayılırdı. Turnir ərzində onlara ən ciddi müqaviməti isə Türkiyə göstərdi. Ancaq sonda sambaçılar dünya çempionu oldular və Ronaldo mundialı 8 qolla bombardir kimi başa vurdu. Bəzən futbol bəzi istedadlara borclu qalır. Ronaldo isə onlardan olmadı. Futbol ona borclu olduğu dünya çempionluğunu 2002-ci ildə qaytardı. Ağır zədələrə, uzun reabilitasiya dövrlərinə və daim haqqında danışılan çəki problemlərinə baxmayaraq, fenomen zirvəyə qayıtdı, dünya çempionu oldu və ilin sonunda "Qızıl top"u qazandı. Bir çox böyük futbolçu kuboklar qazanır. Amma çox azı oyunun tarixində ayrıca bir ölçü vahidinə çevrilir. Ronaldo Nazario məhz onlardan biri idi. Bu gün də futbolun ən böyük "əgər"lərindən biri onun adı ilə başlayır: görəsən, zədələr olmasaydı, fenomen nə qədər böyük ola bilərdi?
Mənbə oxu.az

Oxşar Xəbərlər