İdman
"Qol maşını" Oskar Kardozo karyerasını bitirdi
Türkiyənin "Trabzonspor" klubunun sabiq hücumçusu, paraqvaylı qol ustası Oskar Kardozo 42 yaşında peşəkar karyerasını başa vurduğunu rəsmən elan edib. Oxu.Az xəbər verir ki, futbolla vidalaşan təcrübəli hücumçu son olaraq vətənində "Libertad" klubunun şərəfini qoruyub və 1 yanvar 2026-cı il tarixindən etibarən azad agent statusunu daşıyırdı. Portuqaliya təmsilçisində vurduğu qollar və qazandığı titullarla milyonlarla futbolsevərin yaddaşına həkk olunan Oskar Kardozo zəngin karyerası ərzində müvafiq olaraq "Nasyonal", "Nyuellz Old Boyz", "Benfika", "Trabzonspor", "Olimpiakos" və "Libertad" klublarında çıxış edib. Paraqvaylı qol maşını karyerası ərzində 2 dəfə Portuqaliya Liqasının, 1 dəfə Portuqaliya Kubokunun, 5 dəfə Portuqaliya Liqa Kubokunun, 1 dəfə Yunanıstan Liqasının, 5 dəfə Paraqvay Apertyurasının və 1 dəfə Paraqvay Klausurasının çempionluq sevincini yaşayıb. Beynəlxalq arenada da ölkəsini uğurla təmsil edən Kardozo, Paraqvay milli komandasının forması ilə çıxdığı 57 qarşılaşmada rəqib qapılarından 12 top keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə
oxu.az