İdman
Mourinyodan "Tottenhem"ə sərt tənqid: "Onlar qalib cildinə girmiş uğursuzlar qrupudur"
"Tottenhem"in sabiq baş məşqçisi Joze Mourinyo klubun hazırkı vəziyyəti ilə bağlı açıqlama verib. Oxu.Az xəbər verir ki, dünyaşöhrətli məşqçi "Tottenhem"də cərəyan edən hazırkı böhranın birbaşa rəhbərliyin verdiyi qərarların nəticəsi olduğunu deyib. "Ümumiyyətlə, "Tottenhem"dən nə gözləyirsiniz? Orada komandanı finallara daşıyan, hətta Avropa Kubokunu qazanan məşqçiləri belə işdən çıxarırlar. Klubda heç vaxt əsl böyük komanda mentaliteti olmayıb. Onlar, sadəcə, qalib cildinə girmiş uğursuzlar qrupudur. Mütəmadi olaraq məşqçiləri dəyişib, qəfildən sabitliyin yaranmasını gözləmək qeyri-mümkündür. Tarixin ən vacib matçına bir neçə gün qalmış məşqçini qovmaq, ardınca isə onun xələflərinin məğlubiyyətlərinə təəccüblənmək nə dərəcədə doğrudur? Hansısa məqamda problem artıq məşqçilərlə deyil, zəhərli mühit və rəhbərliyin şübhə doğuran qərarları ilə bağlı olur. Xarakter olmadan istedad heç nəyə yaramır. "Tottenhem"də isə bunların heç biri yoxdur", - deyə Mourinyo qeyd edib. Xatırladaq ki, təxminən beş il öncə portuqaliyalı mütəxəssis "Mançester Siti"yə qarşı keçiriləcək Liqa Kubokunun finalına cəmi bir neçə gün qalmış "Tottenhem"dən qovulmuşdu. Həmin həlledici görüşdə London təmsilçisi rəqibinə 1:0 hesabı ilə uduzmuşdu. Hazırda isə klub İngiltərə Premyer Liqasını tərk etmə zonasında mübarizə aparır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər