İdman
Kriştianu Ronaldu karyerasını nə vaxt bitirir? - Baş məşqçidən AÇIQLAMA
Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines "Ən-Nəsr"in və milli komandanın ulduz hücumçusu Kriştianu Ronaldunun peşəkar karyerasını nə zaman yekunlaşdıracağı ilə bağlı suala aydınlıq gətirib. Oxu.Az xəbər verir ki, ispaniyalı mütəxəssis əfsanəvi futbolçunun gələcək addımlarını əvvəlcədən təxmin etməyin mürəkkəb məsələ olduğunu diqqətə çatdırıb: "Onun gələcəyi barədə indidən nəsə demək qeyri-mümkündür. Ronaldu qeyri-adi mentalitetə sahibdir və daim ideal formada qalmağa cəhd göstərir. Özünə də bu sualı versəniz, oxşar cavabı eşidəcəksiniz. O, əvvəlcədən planlar qurmur". Bununla yanaşı, baş məşqçi 41 yaşlı superulduzun mövcud zədə durumu haqqında da ictimaiyyəti məlumatlandırıb: "Düzdür, onda yumşaq toxuma zədəsi mövcuddur. Lakin böyük ehtimalla, o, artıq gələn həftədən etibarən komanda ilə birgə məşq prosesinə qoşula biləcək. Söhbət elə də ciddi bir problemdən getmir". Martines, eyni zamanda, Ronaldunun yığma üçün daşıdığı əhəmiyyətə xüsusi diqqət çəkib: "O bizim kapitanımız olmaqla yanaşı, böyük nüfuza malikdir və komanda daxilində çox kilit rol oynayır. UEFA Millətlər Liqasının qalibi adını məhz onunla birlikdə qazanmışıq. O, cərimə meydançasında həlledici toxunuşlar edən, rəqib qapısı üçün davamlı təhlükə mənbəyi olan və hücumlarımızı məntiqli sonluğa çatdıran futbolçudur. Onun düşüncə tərzi ətrafdakı hər kəsə ilham verir. O, hər gününü sanki həyatının son günü kimi yaşayaraq daim mükəmməlliyə can atır. Sonun tam olaraq nə vaxt gələcəyini isə heç kim bilə bilməz".
Mənbə
oxu.az