İdman
"Benfika" - "Real Madrid" matçında baş verənlərə görə UEFA hərəkətə keçdi
Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliyanın "Benfika" və İspaniyanın "Real Madrid" klubları arasında baş tutan ilk qarşılaşmada qeydə alınan hadisə ilə əlaqədar UEFA intizam icraatına başlayıb. Oxu.Az xəbər verir ki, oyun zamanı Madrid təmsilçisinin oyunçusu Vinisius Juniora qarşı səsləndirildiyi iddia edilən irqçi şüarlarla əlaqədar məsələnin təfərrüatlı araşdırılmasına start verilib. Məlumata əsasən, UEFA hadisədə adı keçən bütün tərəflərin ifadəsini almağı planlaşdırır. Bu proses çərçivəsində, matç bitdikdən sonra Lissabon klubunun yarımmüdafiəçisi Canluka Prestyannini irqçi ifadələr işlətməkdə günahlandıran Kilian Mbappenin də izahatı dinləniləcək. Qeyd olunur ki, irəli sürülən iddialar öz təsdiqini tapmadığı təqdirdə heç bir sanksiya tətbiq edilməyəcək. Xatırladaq ki, Lissabonda keçirilən görüş "kral klubu"nun minimalhesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qolunu məhz Vinisius Junior vurub. Qarşılaşmanın ikinci hissəsində braziliyalı futbolçunun baş hakim Fransua Leteksye ilə dialoqundan sonra oyun təxminən doqquz dəqiqə dayandırılıb. Komandalar arasındakı cavab görüşü fevralın 25-də Madriddə, "Santyaqo Bernabeu" arenasında baş tutacaq.
Mənbə
oxu.az