İdman

İdmandan kənar: Gecəqondudan "Qızıl top"a, oradan prezidentliyə

01 Oct 2026, 07:00 5 baxış
İdmandan kənar: Gecəqondudan "Qızıl top"a, oradan prezidentliyə
Bu gün 60 yaşını qeyd edən Corc Veanın həyatı adi futbolçu hekayəsinə bənzəmir. Liberiyanın paytaxtı Monroviyanın ən yoxsul məhəllələrindən birində böyüyən Vea uşaqlığını yoxsulluq içində keçirib, futbol oynamaq üçün küçələrdə popkorn və saqqız satıb. İllər sonra isə dünyanın ən yaxşı futbolçusu seçilib və doğma ölkəsinin prezidenti olub. Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə Corc Veanın uşaqlıq illərindən "Qızıl top"a və prezidentliyə qədər uzanan həyat yolundan bəhs edirik. Corc Vea 1966-cı il oktyabrın 1-də Liberiyanın paytaxtı Monroviyada anadan olub. Onun uşaqlığı şəhərin Klara Taun adlı, bataqlıqlar üzərində salınmış ən yoxsul ərazilərindən birində keçib. Veanı əsasən nənəsi Emma böyüdüb. Gələcək "Qızıl top" sahibi uşaqlıq illərində təxminən 15 bacı-qardaş və əmisiuşağı ilə birlikdə yaşayıb. Evin şəraiti olduqca ağır olub. Balaca Corc iki qardaşı ilə eyni otaqda yatıb. Ailəsinə maddi dəstək olmaq üçün küçələrdə popkorn və saqqız satıb. Amma onun üçün əsas olan başqa bir şey idi: futbol. Klara Taundakı tozlu və yararsız meydançalardan biri Veanın ilk futbol məktəbinə çevrilmişdi. O, burada digər uşaqlarla saatlarla top oynayırdı. Həmin vaxt onun gələcəkdə hara qədər gedəcəyini, yəqin ki, heç kim təsəvvür etmirdi. Bu gün həmin məhəlləyə baxan insanlar üçün Veanın hekayəsi bir növ möcüzə kimi görünür. Çünki həmin tozlu meydançadan çıxan uşaq illər sonra dünyanın ən böyük futbol səhnələrində oynayacaqdı. Veanın peşəkar karyerası Liberiyada başlayıb. Daha sonra o, Kamerunun "Tonnerre Yaounde" klubuna keçib.
Məhz burada onun həyatını dəyişəcək insanla qarşılaşıb. 1988-ci ildə Kamerun millisinin baş məşqçisi Klod Lö Roy gənc Veanı görüb. Onun sürəti, fiziki gücü və texniki imkanları fransalı mütəxəssisi heyrətləndirib. Lö Roy dostu, həmin vaxt "Monako"nun baş məşqçisi olan Arsen Vengerə zəng edib. Beləliklə, Veanın Avropa macərasının qapıları açılıb. Vea 1988-ci ildə "Monako"ya gəlib. Bu gün böyük ulduzların birbaşa əsas heyətə düşməsinə öyrəşmişik. Amma onun Avropadakı başlanğıcı heç də belə olmayıb. Vea "Monako"da ilk altı ay ərzində demək olar ki, oynamayıb. Buna baxmayaraq, geri qayıtmaq barədə düşünməyib. Əksinə, daha çox çalışıb. Özünün sonradan dediyi kimi, Avropaya gəlməsinin səhv olduğunu düşünən insanlara onun həqiqətən yaxşı futbolçu olduğunu sübut etmək istəyib. Venger isə onun istedadına inanıb. İllər sonra Vea fransalı mütəxəssis haqqında danışarkən onu sadəcə məşqçi kimi deyil, həyatında ata fiquru kimi gördüyünü söyləyib. Vengerin inamı isə nəticəsini verib.
Vea Avropada karyerasını qurmağa çalışdığı vaxt Liberiyada vəziyyət getdikcə pisləşib. 1989-cu ildə ölkədə vətəndaş müharibəsi başlayıb. Vea üçün bu, sadəcə televiziyada izlədiyi müharibə deyildi. Onun ailəsi, dostları və tanıdığı insanlar orada yaşayırdı. Avropada "Monako", daha sonra PSJ forması ilə böyük futbol səhnəsinə çıxan Veanın fikrinin bir hissəsi daim doğma ölkəsində qalıb. O, bir tərəfdən Avropada futbolçu kimi yüksəlib, digər tərəfdən isə ailəsindən və dostlarından xəbər almaqda çətinlik çəkib. Vea "Monako"dan sonra PSJ-yə keçib və Avropanın ən təhlükəli hücumçularından birinə çevrilib. 1995-ci ildə isə onun karyerasının ən möhtəşəm ili gəlib. Vea həmin il "Milan"a keçib və eyni zamanda "Qızıl top"un sahibi olub. O, bu mükafatı qazanan ilk afrikalı futbolçu kimi tarixə düşüb. Həmin dövrdə "Qızıl top" Avropa futbolunda çıxış edən oyunçular üçün nəzərdə tutulsa da, qaydaların dəyişməsi ilə dünyanın digər ölkələrindən olan futbolçular da mükafata namizəd ola bilirdilər. Vea həmin il FIFA tərəfindən də dünyanın ən yaxşı futbolçusu seçilib. Beləliklə, Klara Taun-un yoxsul küçələrində top arxasınca qaçan uşaq artıq dünyanın ən yaxşı futbolçusu idi.
Vea "Milan"dan sonra "Çelsi", "Mançester Siti" və "Marsel" kimi klublarda da çıxış edib. 2003-cü ildə peşəkar futbolçu karyerasını başa vurub. Amma onun həyatında ən böyük dəyişiklik hələ qarşıda idi. Vea siyasətə gəlib. 2005-ci ildə Liberiyada prezidentliyə namizəd olub, lakin seçkidə Ellen Conson-Sirlifə məğlub olub. Bununla belə, siyasətdən geri çəkilməyib. Senator seçilib və ölkəsində fəaliyyətini davam etdirib. 12 il sonra isə arzusuna çatıb. 2017-ci ilin dekabrında Vea Liberiyada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib. Beləliklə, bir vaxtlar Monroviyanın yoxsul məhəlləsində popkorn satan uşaq ölkəsinin ən yüksək vəzifəsinə yüksəlib. O, 2018-ci ilin yanvarında prezident kimi and içib və dövlət başçısı vəzifəsinə gələn ilk peşəkar futbolçu olub.
Veanın hekayəsinin ən təsirli tərəflərindən biri isə uğurun onu böyüdüyü yerdən uzaqlaşdırmaması idi. 1995-ci ildə "Qızıl top"u qazandıqdan sonra həmin mükafatla Monroviyaya qayıdıb. Küçələrdə onu minlərlə insan qarşılayıb. İllər əvvəl top oynadığı məhəlləyə isə artıq dünyanın ən yaxşı futbolçusu kimi qayıdıb. Bu gün onun uşaqlıqda top qovduğu meydanlarda yenə uşaqlar futbol oynayırlar. Onların bir çoxu Veanın hekayəsini bilir. Çünki Corc Vea onlar üçün sadəcə "Qızıl top" qazanmış futbolçu deyil. O, yoxsulluğun içindən çıxıb dünyanın zirvəsinə çatmağın mümkün olduğunu göstərən bir nümunədir. Tozlu meydandan başlayan yol onu "Monako"ya, PSJ-yə, "Milan"a və "Qızıl top"a aparıb. Sonra isə futbol meydanlarından dövlət başçısı kürsüsünə çıxarıb.
İdmandan kənar: Gecəqondudan "Qızıl top"a, oradan prezidentliyə İdmandan kənar: Gecəqondudan "Qızıl top"a, oradan prezidentliyə İdmandan kənar: Gecəqondudan "Qızıl top"a, oradan prezidentliyə İdmandan kənar: Gecəqondudan "Qızıl top"a, oradan prezidentliyə İdmandan kənar: Gecəqondudan "Qızıl top"a, oradan prezidentliyə İdmandan kənar: Gecəqondudan "Qızıl top"a, oradan prezidentliyə İdmandan kənar: Gecəqondudan "Qızıl top"a, oradan prezidentliyə İdmandan kənar: Gecəqondudan "Qızıl top"a, oradan prezidentliyə İdmandan kənar: Gecəqondudan "Qızıl top"a, oradan prezidentliyə İdmandan kənar: Gecəqondudan "Qızıl top"a, oradan prezidentliyə
Mənbə oxu.az

Oxşar Xəbərlər