Vinisius “Benfika” ilə oyundakı davadan danışdı - Video
Vinisius Junior UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk turu çərçivəsində keçirilən "Benfika" - "Real Madrid" ( 0:1) matçında baş verən irqçilik qalmaqalı haqqında danışıb.
Axar.az xəbər verir ki, braziliyalı futbolçu məsələ ilə bağlı sosial media hesabında paylaşım edib.
"Bu gün şahidi olduğumuz hadisələr nə mənim həyatımda ilk dəfə yaşanır, nə də təmsil etdiyim komandanın. Qol sevincini yaşadığım üçün mənə sarı vərəqə göstərildi və bunun səbəbini hələ də dərk edə bilmirəm. Məsələnin digər tərəfi odur ki, bu, sadəcə olaraq heç bir real nəticə verməyən və zəif işləyən bir protokoldur. İrqçilər mahiyyət etibarilə qorxaqdırlar. Onlar nə qədər aciz olduqlarını nümayiş etdirmək üçün ağızlarını formaları ilə gizlətməyə məcbur olurlar. Lakin təəssüf ki, nəzəri cəhətdən onları cəzalandırmalı olan şəxslərin himayəsinə sığınırlar”, - futbolçu vurğulayıb.
Qeyd edək ki, qarşılaşmanın ikinci hissəsində "Real Madrid"in hücumçusu Vinisius Junior "Benfika"nın oyunçusu Canluka Prestianninin onu "meymun" adlandırdığını iddia etdikdən sonra matç müvəqqəti dayandırılıb.