İdman
"Ağ-qaralar"ın səfər sindromuna son: Ardıcıl iki oyunda qol şousu
"Neftçi" futbol klubu Misli Premyer Liqası çərçivəsində beş illik fasilədən sonra ilk dəfə olaraq rəqib meydanında baş tutan ardıcıl iki qarşılaşmada qapılara üç və daha artıq qol vurmağı bacarıb. Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb. Çempionatın XVIII turunda "Araz-Naxçıvan" üzərində 0:4, XX turunda isə "Kəpəz"ə qarşı 1:3 hesablı qələbə qazanan Bakı təmsilçisi uğurlu qol seriyasına imza atıb. "Ağ-qaralar"ın səfər oyunlarında bu cür yüksək məhsuldarlıq nümayiş etdirməsinə sonuncu dəfə 2020/21-ci il mövsümünün yekunlarında rast gəlinib. Paytaxt klubu 2021-ci ilin may ayında baş tutan ardıcıl iki səfər matçında "Şamaxı"nı 0:3, "Səbail"i isə 0:4 hesabı ilə məğlub edərək oxşar nəticə göstərmişdi.
Mənbə
oxu.az