Siyasət
2025-ci ildə Azərbaycan liderinin yol xəritəsi: Diplomatiya və dövlətçilik missiyası
2025-ci il Azərbaycanda bir sıra mühüm siyasi hadisələrlə yadda qaldı. Beynəlxalq konfranslara ev sahibliyi, beynəlxalq təşkilatlarla əlaqələr, xarici siyasət prioritetləri, Azərbaycan-Ermənistan münasibətlərində əldə edilən uğurlar, mühüm diplomatik nailiyyətlər ölkə gündəminin əsasını təşkil edib. Bu hadisələr 2025-ci ildə Azərbaycanın siyasi həyatında mühüm rol oynayıb və ölkəmizin inkişafına müsbət təsir göstərib. Təbii ki, bu hadisələrin mərkəzində Prezident İlham Əliyevin prinsipial, qətiyyətli mövqeyi, diplomatik uğurları dayanır. Bu gün həm də dövlət başçısının doğum günüdür. Oxu.Az bu münasibətlə ölkə rəhbərini təbrik edir və onun il ərazində həyata keçirdiyi əhəmiyyətli dövlət, rəsmi və işgüzar səfərlərinə nəzər salır. Hələ ilin başlanğıcı ölkə başçısı üçün aktiv olub. Prezident İlham Əliyev yanvarın 13-də Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə səfər edib. Paytaxt Əbu-Dabidə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub. Dövlət başçıları münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək, Azərbaycan ilə BƏƏ arasında dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıblar. Yanvarın 14-də isə Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimində iştirak edib.
Yanvarın 17-də Prezident ölkəmizdə işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək və geniş tərkibdə görüş keçirib. İlham Əliyev xalqlarımızın əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşadığını bildirərək, bu ənənələrin bu gün də yaşadığını, Gürcüstan-Azərbaycan əlaqələrinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini qeyd edib.
Yanvarın 20-də isə Prezident İlham Əliyev Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə səfər edib. Dövlət başçısı səfər çərçivəsində bir sıra görüşlər keçirib. O həmin gün "OliverWyman Group" şirkətinin baş icraçı direktoru Nik Studerlə, yanvarın 21-də Davosda qarşı tərəflərin müraciətləri əsasında Latviya Prezidenti Edqars Rinkeviçs, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, "DP World" şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim, İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani, Almaniya Kansleri Olaf Şolts, İsrail Prezidenti İsxak Hersoq, "Carlsberg Group" şirkətinin Müşahidə Şurasının sədri Henrik Poulsen və baş icraçı direktoru Yakob Aarup-Andersen, eləcə də yanvarın 22-də Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso və Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşlər keçirib. Görüşlərdə mədəni, ticari-iqtisadi əlaqələr müzakirə olunub. Görüş əsnasında Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında "Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi" imzalanıb. Səfərdən qayıdan dövlət başçısı yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxış edib. Prezident bildirib ki, nəqliyyat məsələləri həmişə diqqət mərkəzində saxlanılıb və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edilib, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollar salınır. Dövlət başçısı, həmçinin diqqətə çatdırıb ki, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil.
Fevralın 24-də isə Prezident İlham Əliyevin ölkəmizə səfər edən Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub, eləcə də iki ölkə arasında imzalanmış sənədlərin İlham Əliyevin və Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub. Prezident İlham Əliyevin diplomatik mart marafonu da aktiv olub. Azərbaycan lideri martın 4-də D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Abdulqadir İmamı qəbul edib. Ölkəmizin D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olması ilə bağlı qəbul edilən yekdil qərara görə üzv dövlətlərə minnətdarlığını bildirən Prezident tamhüquqlu üzv kimi Azərbaycanın bu təsisatın inkişafı ilə bağlı səylərini əsirgəməyəcəyini vurğulayıb. Martın 5-də isə Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfər edib. Elə həmin gün Ankarada iki ölkə liderinin təkbətək görüşü olub, həmçinin Ankarada Iğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər. Prezident İlham Əliyev martın 12-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Əsəd Məcid Xanı qəbul edib. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu vurğulayan dövlət başçısı ölkəmizin təşkilat çərçivəsində üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə və gündəlikdə duran məsələlərin irəli aparılmasına öz töhfəsini verməyə hazır olduğunu deyib. Cəmi bir gün sonra isə Bakıda, "Gülüstan" sarayında Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb. Açılış mərasimində çıxış edən Prezident Qlobal Bakı Forumunun qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrildiyini deyib.
Martın 18-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkə daxilində bir sıra əhəmiyyətli mərasimlərdə iştirak ediblər. Belə ki, onlar Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında, Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər. Martın 27-də isə Prezident və birinci xanım Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, İlham Əliyevin aprel təqvimi də çox zəngin olub. Ayın ikinci günündə ölkə rəhbəri Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüş keçirib. Görüşdə Orta Dəhliz layihəsi və bu layihədə Azərbaycanın rolu, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, yaşıl enerji ilə bağlı əməkdaşlığa toxunulub. Söhbət zamanı humanitar əlaqələrin inkişafı da müzakirə edilib. Bununla yanaşı, alman icmasının uzun illər Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşaması və onlara dövlət səviyyəsində göstərilən yüksək diqqət də qeyd olunub.
Cəmi iki gün sonra İlham Əliyev Avropa İttifaqının (Aİ) enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgenseni qəbul edib. Dövlət başçısı enerji sahəsində Avropa bazarının bizim üçün əsas bazar olduğunu qeyd edərək, Azərbaycanın bu bazarda ixrac coğrafiyasını genişləndirmək istədiyini bildirib. Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoqunun uğurla aparıldığı vurğulanıb, bunun gələcəkdə də davam edəcəyinə ümidvarlıq bildirilib. Həmin gün Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Tədbirdə iştirak edən Prezident İlham Əliyev bu vacib toplantının enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Aprelin 9-da isə ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib. Qonaqları salamlayan dövlət başçısı bildirib ki, bu səfərlər Azərbaycanı daha da yaxşı tanımağa, ölkənin nəbzini tutmağa xidmət edir.
Aprelin 10-da dövlət başçısı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatiya Forumunda iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gedib. İlham Əliyev səfər çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Türk Cümhuriyyətinin ozamankı prezidenti Ersin Tatar, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əş-Şaraa, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Sudan Respublikasının Suveren Keçid Şurasının Sədri Abdel Fattah Al-Burhan Abdelrahman Al-Burhan ilə, aprelin 12-də isə Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb.
Aprelin 16-da isə Prezident İlham Əliyevlə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin təkbətək görüşü keçirilib. Dövlətimizin başçısı bildirib ki, Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Azərbaycan Prezidentinin aprel marafonu bundan sonra da uğurla davam edib. O, bu ayın 22-də Çin Xalq Respublikasına dövlət səfərinə gedib. Aprelin 23-də paytaxt Pekində Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub. Ölkə rəhbərləri "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" imzalayıblar.
Prezident İlham Əliyev aprelin 25-də ATƏT-in baş katibi Feridun Sinirlioğlunu qəbul edib. Dövlətimizin başçısı keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində tam iflasa uğramış ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtının artıq çoxdan çatdığını deyərək, Ermənistan tərəfindən də bu xüsusda addımların atılmalı olduğunu bir daha qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hərbi və siyasi yollarla tam təmin etdiyini, bununla da ölkəmiz tərəfindən Helsinki Yekun Aktının, beynəlxalq hüququn norma və prinsiplərinin Cənubi Qafqazda təsbit edilməsinin təmin olunduğunu deyib. Aprelin 28-də isə İran Prezident Məsud Pezeşkianın ölkəmizdə rəsmi qarşılanma mərasimi olub. Azərbaycan ilə İran arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə mübadiləsi mərasimi olub. İki ölkənin prezidentləri Birgə Bəyanat imzalayıblar.
Ölkə başçısının iş qrafiki may ayında da gərgin olub. O, mayın 9-da Birinci vitse-prezident Mehriban Əliyeva ilə ölkə daxilində bir sıra əhəmiyyətli açılış mərasimlərindən iştirak edib. Belə ki, bu mərasimlər əvvəlcə Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışı ilə başlayıb. Prezident və Birinci vitse-prezident həmin gün, həmçinin Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin "Xocalı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak ediblər. Prezident və birinci xanım mayın 10-da isə Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, eləcə də rayonun Kəngərli kəndinin birinci mərhələsinin açılışında, kəndin tam orta məktəbinin binasının, körpələr evi-uşaq bağçasının və Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər. Digər aylarda olduğu kimi, may ayında da İlham Əliyevin xarici səfərləri aktiv olub. O, ayın 16-da Albaniyanın paytaxtı Tirana şəhərində "Avropa Siyasi Birliyi" 6-cı Zirvə toplantısının açılış mərasimində iştirak edib. Səfər çərçivəsində ölkə rəhbəri Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşüb. Prezident Azərbaycanın Aİ ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində roluna toxunub.
Mayın 20-də isə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə bu ölkəyə işgüzar səfər edib. Zirvə görüşündə İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və TDT-nin baş katibi Kubanıçbek Omuraliyev tərəfindən bəyannamə imzalanıb. Prezident İlham Əliyev mayın 27-də yenə də ölkə daxilində əhəmiyyətli tədbirlərə qatılıb. O, Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin, rayonun Bəylik kəndinin, "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) "Aşağı Malıbəy" və "Mirik" su elektrik stansiyalarının (SES) açılışında iştirak edib. Sonra Prezident Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib. Elə həmin gün Laçında Azərbaycan Prezidentinin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü keçirilib. Mayın 28-də isə Laçında Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatında da görüş keçirilib. Elə həmin gün Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Bununla yanaşı, Laçında Prezident İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib. May ayını gərgin iş rejimində keçirən ölkə başçısının fəaliyyəti iyun ayında da eyni intensivliklə davam edib. Prezident iyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi "Caspian Power" və 30-cu Yubiley "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edib. İyunun 10-da isə o, Bakıda Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının, iyunun 23-də Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun, "Azərişıq" ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin, Yevlax pilot aqroparkının açılışında, iyunun 24-də Mingəçevirdə "8 Noyabr" Elektrik Stansiyasının açılış mərasimində iştirak edib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, "8 Noyabr" Elektrik Stansiyasının açılışı çox gözəl hadisədir: "Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir". İyunun 19-da qardaş ölkə Türkiyəyə növbəti dəfə səfər edən İlham Əliyev Kahramanmaraşda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Həmin gün Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilib. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti ölkəmizin hər zaman Türkiyənin yanında olduğunu, Türkiyənin də hər zaman Azərbaycanın yanında olduğunu bildirib.
Azərbaycan Prezidentinin iyul ayında ilk rəsmi görüşü ölkəmizə səfərə gələn Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə olub. Həmin gün hər iki liderin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib. İclasda çıxış edən Prezident İlham Əliyev Müttəfiqlik münasibətləri haqqında Müqaviləni xatırladıb və müqavilənin dövlətlərarası münasibətlərin ali forması olduğunu bildirib. Həmin gün iki ölkə arasında imzalanmış sənədlərin liderlərin iştirakı ilə mübadiləsi mərasimi də olub.
Bir gün sonra isə Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında, "Xankəndi" Mehmanxana Kompleksinə aid olan "Xankəndi" Biznes Mərkəzinin açılışında, Xankəndi Konqres Mərkəzinin açılışında iştirak edib. Həmçinin həmin gün İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər. Daha sonra isə Azərbaycanın və Qırğızıstanın dövlət başçıları Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər. İyulun 4-də Xankəndidə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. İƏT-in Zirvə görüşünün Azərbaycanda, Xankəndi şəhərində təşkil edilməsini və gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün də ölkəmizdə keçiriləcəyini vurğulayan dövlətimizin başçısı bütün bunları islam dünyası tərəfindən ölkəmizə olan etimadın və hörmətin növbəti nümunəsi kimi qiymətləndirib. İyul marafonu çərçivəsində Prezident İlham Əliyevin növbəti səfəri bu ayın 9-da Birləşmiş Ərəb Əmirliklərinə olub. BƏƏ-yə işgüzar səfəri çərçivəsində dövlət başçısı Əbu-Dabidə bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub. Söhbət zamanı İƏT-in Xankəndi şəhərində keçirilən Zirvə görüşünün əhəmiyyətinə toxunulub və Birləşmiş Ərəb Əmirliklərinin bu tədbirdə yüksək səviyyədə təmsil olunması təqdir edilib. Sonra prezidentlərin iştirakı ilə "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi" imzalanıb. Səfər çərçivəsində ən yaddaqalan məqamlardan biri isə Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında keçirilən görüş olub. Görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər, həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.
Ölkəyə geri dönən İlham Əliyev iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraa ilə Bakıda geniş tərkibdə görüş keçirib. İlham Əliyev suriyalı həmkarının ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb edəcəyinə ümidvarlığını bildirib. Uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyanın əvvəlki hökumətinin vaxtında münasibətlərimizdə durğunluğun olduğunu deyən dövlət başçısı vurğulayıb ki, orada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb.
İlham Əliyevin ölkəmizdəki növbəti görüşü iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə olub. Görüşdə çıxış edən İlham Əliyev bu səfərin Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına töhfə verəcəyini bildirib. İyulun 18-də isə Prezident İlham Əliyev növbəti açılışlarda iştirak edib. O, 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının, Ağdam şəhərində 160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçasının və rayonun Qiyaslı kəndindəki tarixi məscidin binasının açılışlarında iştirak edib.
İyulun 19-da ölkəmizdə "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu işə başlayıb. Forum iştirakçıları ilə görüşən Prezident İlham Əliyev üçüncü dəfədir ki, belə bir mühüm tədbirin Qarabağda keçirildiyini xatırladıb və bildirib ki, 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması baxımından ərazilər azad olunandan sonra görülmüş işlərə baxmaq cəlbedici olacaq.
Prezident İlham Əliyevin faəliyyəti fonunda avqust ayı da ölkəmiz üçün həm də xüsusi əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, dövlət başçısı avqustun 7-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfər edib. Əvvəlcə avqustun 7-də Azərbaycan Prezidenti Vaşinqtonda ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşüb. İlham Əliyevin və ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la "ExxonMobil" şirkəti arasında "Əməkdaşlıq haqqında Memorandum" imzalanıb. Sonra İlham Əliyev ilə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun görüşü olub. Görüşdə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərimizin gündəliyinin və regional məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib. Söhbət zamanı Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının strateji müstəvidə əməkdaşlığının inkişaf perspektivləri, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi və regiondakı sülh gündəliyinə dair fikir mübadiləsi aparılıb. Avqustun 8-də Prezident İlham Əliyev Ağ Evə gedib. Ağ Evdə İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü olub. Sonra iki ölkə lideri Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalayıblar. Ən mühüm məqam isə həmin gün Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın birgə bəyannamə imzalaması olub. Mətbuata bəyanatla çıxış edən Azərbaycan Prezidenti bildirib ki, bu, həqiqətən, tarixi gündür - biz Qafqazda sülhü bərqərar edirik və bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq:
"Prezident Trampın düzgün qeyd etdiyi kimi, "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq. Azərbaycan və Ermənistan Sovet İttifaqının süqutu nəticəsində eyni vaxtda müstəqillik əldə ediblər. Ancaq artıq o vaxt biz müharibə şəraitində idik. Biz müharibələrə, işğal dövrünə və qan tökülməsinə uzun illər sərf etdik. Bu gün tarixi gündür, çünki biz sülhü bərqərar edirik. Prezident Tramp Qafqaza sülh gətirir və biz buna görə ona minnətdarıq. Əminəm ki, Ermənistan ilə Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar. Biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik. Mən çox şadam ki, biz bu gün yeni, gözəl tarix yazırıq". Elə həmin gün Azərbaycan və ABŞ prezidentləri, eləcə də Ermənistan baş naziri Vaşinqton şəhərində keçirilən görüşünə dair Birgə Bəyannaməni imzalayıblar. Vaşinqtonda, həmçinin İlham Əliyevin Donald Tramp və Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsini paraflayıb və iki ölkə xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksəksəviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar. Ölkəyə qayıdan İlham Əliyev avqustun 21-də birinci xanım Mehriban Əliyeva ilə birgə Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin gün Kəlbəcər rayonunun Vəng kəndində "AzərEnerji" ASC-nin "Aşağı Vəng", "Nadirxanlı" və "Çaykənd" kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər.
Prezident İlham Əliyevin növbəti işgüzar səfəri avqustun 22-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistana olub. Həmin gün Türkmənbaşı şəhərində İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək və geniş tərkibdə görüşü olub. Türkmənbaşı şəhərində, həmçinin Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirilib. Eyni zamanda, həmin gün İlham Əliyevin, Qurbanqulu Berdiməhəmmədovun və Şavkat Mirziyoyevin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. Hər üç ölkə lideri "Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı"nı qəbul edib. Prezident İlham Əliyev avqustun 25-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutini qəbul edib. Stiven Douti Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması ilə əlaqədar əldə olunmuş tarixi nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb, ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu bildirib. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinin və Ermənistanla normallaşma prosesinin irəli aparılması üçün bundan sonra da səylərini davam etdirəcəyini deyib. Avqustun 28-də isə İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib. Maqdalena Qrono Avropa İttifaqının rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırıb, Azərbaycan Prezidentini Avropa İttifaqının rəhbərliyi və öz adından Vaşinqtonda Ermənistanla münasibətlərin normallaşdırılması, sülh gündəliyi ilə bağlı əldə edilən mühüm nəticələr münasibətilə təbrik edib. Maqdalena Qrono, həmçinin Aİ-nin iki ölkə arasında razılaşdırılan məsələlərin, o cümlədən nəqliyyat dəhlizinin həyata keçirilməsi prosesinə dəstək verməyə hazır olduğunu qeyd edib. Prezident İlham Əliyev salamlara və təbriklərə görə minnətdarlığını bildirib, onun da salamlarını Avropa İttifaqının rəhbərliyinə çatdırmağı xahiş edib. Dövlətimizin başçısı Vaşinqtonda əldə olunan nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini deyərək, bu prosesdə Amerika Birləşmiş Ştatlarının rolunu xüsusi vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, ABŞ-nin vasitəçiliyi ilə imzalanan Vaşinqton bəyannaməsi, sülh sazişinin paraflanması və Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan və Ermənistanın birgə müraciəti sülh prosesində atılan mühüm addımlardır. Avqustun 30-da Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə bu ölkəyə işgüzar səfər edən Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində onunla görüşüb. Si Cinpin Azərbaycan ilə Çin arasında 30 ildən artıq dövr ərzində uğurlu əməkdaşlıq münasibətlərinin qurulduğunu və hazırda əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini vurğulayaraq, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərini məmnunluqla xatırladıb, bu səfər çərçivəsində aparılan müzakirələrin əhəmiyyətinə toxunub. Prezident İlham Əliyev də öz növbəsində Çin Xalq Respublikasına dövlət səfərini məmnunluqla xatırlayaraq, səfər zamanı Si Cinpinlə görüşlərini və aparılan dialoqun iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafına ciddi təkan verdiyini qeyd edib, müfəssəl strateji tərəfdaşlığa dair imzalanmış sənədin əhəmiyyətini vurğulayıb.
Sentyabrda da prezident İlham Əliyevin ilk rəsmi görüşü Çində olub. Dövlət başçısı burada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə qardaşlıq və strateji müttəfiqliyə əsaslanan ikitərəfli əlaqələrimizin bütün istiqamətlərdə, o cümlədən enerji, nəqliyyat sahələrində daha da genişlənməsindən məmnunluq ifadə olunub. Prezident İlham Əliyev sentyabrın 1-də Çinin Tiencin şəhərində, həmçinin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşüb. Şahbaz Şərif bu ilin aprel-may aylarında Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə Pakistan xalqı və hökuməti adından dövlətimizin başçısına bir daha təşəkkürünü bildirib. Azərbaycan-Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlətimizin başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlət başçısı Azərbaycan üçün qardaşlıq münasibətlərinin hər şeydən üstün olduğunu qeyd edib. Sentyabrın 1-də isə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyanla növbəti dəfə görüşüb. Liderlər Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar. Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər. Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər. Sentyabrın 14-də Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin, Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib.
Sentyabrın 16-da isə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində Şuşada prezidentlərin təkbətək və geniş tərkibdə görüşü olub. Görüşdə çıxış edən Prezident İlham Əliyev səfərin xüsusi əhəmiyyət daşıdığını bilirib: "Çünki Siz Qarabağa, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz və bu bizi, bütün Azərbaycan xalqını çox məmnun edir. Bizim əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub. Bu gün imzalanmış çoxsaylı sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. İmzalanmış hər bir sənəd böyük əhəmiyyət daşıyır. Onların arasında xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir. Sentyabrın 23-də isə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər. Prezident İlham Əliyev səfər çərçivəsində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstan Baş naziri Kiriakos Mitsotakis ilə, Avropa Şurasının Baş katibi Alen Berse ilə, Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto ilə, Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb. Həmçinin Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbul təşkil olunub. İlham Əliyev və Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Ölkə başçısının Nyu-Yorkdakı görüşləri sentyabrın 24-də də davam edib. Prezident həmin gün portuqaliyalı həmkarı Marselo Rebelo de Souza, Bolqarıstan Baş naziri Rosen Jelyazkov ilə də görüşüb. BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edən Prezident İlham Əliyev uzun illər ərzində bu kürsüdən Azərbaycana qarşı törədilən təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışdığını da xatırladıb: "Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam". "Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü", - Prezident deyib. Ölkə başçısının sentyabr marafonu ayın 30-da İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfərə gəlməsi ilə yekunlaşıb. Həmin gün prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri olub. Görüşdə çıxış edən Prezident İlham Əliyev İtaliya-Azərbaycan əlaqələrinin inkişafından danışıb: "Biz artıq bir neçə vacib məsələni müzakirə etmişik. Bizim əməkdaşlığımız çoxşaxəlidir, demək olar ki, bir çox sahələri əhatə edir, energetikadan başlamış sənaye istehsalına qədər. Hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq, doğrudan da, strateji əhəmiyyət daşıyır və beş il bundan əvvəl imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə, deyə bilərəm ki, tam icra edilir". Prezident İlham Əliyev oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfər edib. Ölkə başçısı Kopenhagendə Moldova Prezidenti Maya Sandu ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, xüsusilə də enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb. Maya Sandu Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib. Oktyabrın 2-də Kopenhagendə İlham Əliyevin Nikol Paşinyanla daha bir görüşü olub. Görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilən Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar. Elə həmin gün "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib. Zirvə toplantısı çərçivəsində İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Niderland Krallığının Baş naziri Dik Sxof, Fransa Prezidenti Emmanuel Makron ilə görüşü olub. Oktyabrda növbəti əhəmiyyətli görüşdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi zirvə Toplantısı olub. Prezident İlham Əliyevin zirvə görüşü çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin ozamankı prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub. Oktyabrın 7-də isə Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Dövlətimizin başçısı tədbirdə çıxış edərək bildirib ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır: "Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir".
Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfərə gedib. Həmin gün Düşənbədə İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.
Görüşdə çıxış edən Putin aviasiya faciəsi ilə bağlı üzrxahlıq etdiyini xatırladıb: "İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim, biz, sözsüz ki, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk. Sözsüz ki, belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək". Prezident İlham Əliyev isə çıxışında Azərbaycan Hava Yollarının təyyarəsinin keçən ilin dekabrında qəzaya uğraması ilə bağlı faciə haqqında ətraflı informasiyaya görə təşəkkür edib: "Biz Sizinlə dərhal təmasa keçdik. Xatırlayırsınızsa, bu faciəli gündə mən Sankt-Peterburqda görüşə uçurdum və mənə məlumat verildikdə təyyarədən dərhal Sizə zəng etdim və bir-birimizə başsağlığı verdik. Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq, həmçinin komandalarımızın üzvləri daim təmasdadırlar. Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o, bütün məsələləri obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə məhz bu məsələyə aydınlıq gətirməyi zəruri hesab etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı ifadə etmək istərdim". Oktyabrın 10-da Düşənbədə Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub. Söhbət zamanı iki ölkənin dövlət başçılarının Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşləri məmnunluqla xatırlanıb, yüksəksəviyyəli qarşılıqlı səfərlərin müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi işinə verdiyi töhfəyə toxunulub. Həmçinin həmin gün Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. Oktyabrın 12-də isə İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirə işgüzar səfər edib. İlham Əliyev oktyabrın 15-də ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiya xarici işlər naziri Elina Valtonenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Söhbət zamanı Elina Valtonen Azərbaycan və Ermənistanın müraciəti əsasında ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların fəaliyyətinin 2025-ci il dekabrın 1-dək ləğv ediləcəyini bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmalar sülh gündəliyinin irəli aparılmasına şərait yaradıb. İlham Əliyev oktyabrın 20-də Qazaxıstana dövlət səfərinə gedib. Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı "Akorda" Prezident Sarayında Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub. Həmin gün Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub. Oktyabrın 21-də İlham Əliyevin və Kasım-Jomart Tokayevin iştirakı ilə "Orta Dəhlizin inkişafı" (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Qeyd edilib ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta Dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Həmin gün Astanada ölkə prezidentlərinin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi olub. Həmçinin Prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib. İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında, eləcə də Hacıqabul-Bəhrəmtəpə-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl rayonu ərazisində inşa olunan "Şəfəq" Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun, Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib. Noyabr ayında isə Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin Prezident İlham Əliyev tərəfindən qəbul olunmasının əhəmiyyətini vurğulayan Türkiyənin alyansdakı daimi nümayəndəsi Basat Öztürk dövlətimizin başçısının NATO mənzil-qərargahına səfərlərini məmnunluqla xatırladıb. O, Azərbaycanın hazırkı inkişafının təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə daha da gücləndiyini vurğulayıb. Dövlət başçısı da Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə sıx əməkdaşlığı vurğulayıb. Prezidenti İlham Əliyevin növbəti görüşü noyabrın 7-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə olub. Qonaq Prezident İlham Əliyevi və xalqımızı möhtəşəm Zəfərimizin beşinci ildönümü münasibətilə təbrik edərək, paytaxt İslamabadın Azərbaycanın Qələbəsi şərəfinə ölkəmizin üçrəngli bayrağı ilə bəzədildiyini diqqətə çatdırıb, həmçinin bu münasibətilə keçiriləcək hərbi paradda iştiraka dəvətə görə təşəkkürünü bildirib, bunu ölkələrimiz arasında qardaşlığın nümunəsi kimi qiymətləndirib. Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyi bildirilib, Azərbaycan və Pakistanın beynəlxalq təşkilatlarda bir-birinə göstərdikləri qarşılıqlı dəstəyə toxunulub. Noyabrın 8-də Prezident İlham Əliyevin, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin üçtərəfli görüşü olub. Görüşdə Türkiyə prezidenti və Pakistanın baş naziri Vətən müharibəsində Qələbənin 5-ci ildönümü münasibətilə dövlətimizin başçısını bir daha təbrik edib, Bakıda keçirilən hərbi paradın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar. Söhbət zamanı Azərbaycanın, Türkiyənin və Pakistanın daim bir-birinin yanında olduqları qeyd edilib, ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdiyi bildirilib. Liderlər Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatının perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Ölkə başçısının növbəti səfəri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün bu ölkəyə olub. Noyabrın 15-də Daşkənddə iki ölkə liderinin təkbətək görüşü olub. Görüşdə Azərbaycanla Özbəkistan arasında müttəfiqliyə və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Prezident İlham Əliyevin Özbəkistana, Prezident Şavkat Mirziyoyevin isə ölkəmizə mütəmadi səfərlərinin əlaqələrimizin inkişafında rolu vurğulanıb. Söhbət zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. Noyabrın 16-da Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib. Prezident İlham Əliyev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır: "Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub-saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik". "Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur". Prezident İlham Əliyevin görüşləri dekabr ayında da öx axarı ilə davam edib. Dövlət başçısı 4 dekabrda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edib. Qonaq ölkələrimiz arasında dostluq və etimada əsaslanan münasibətləri qeyd edərək əlaqələrimizin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb. İkitərəfli münasibətlərimizin zəngin tarixinin olduğunu deyən ölkə başçısı ölkələrimiz arasında əməkdaşlığın enerji sektorundan başladığını və daha sonra bir çox sahələri əhatə etdiyini diqqətə çatdırıb. İlham Əliyevin növbəti rəsmi səfəri dekabrın 8-də Slovakiya Respublikasına olub. Həmin gün Bratislavada ölkə prezidentlərinin təkbətək görüşü olub. Prezident İlham Əliyev çıxış edərək bildirib ki, Slovakiya ilə Azərbaycan arasında münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib:
"Ötən il biz Slovakiyaya qaz təchizatına başladıq. İstənilən lazımi vaxtda davam etdirməyə hazırıq. Müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığımızın gələcəkdə böyük potensialı var. Artıq vacib işlər görülüb, amma daha çox işlər də görülməlidir. Qarabağın yenidən qurulmasında fəal iştirak edən slovak şirkətlərinə dəstəyinə görə minnətdarıq". Prezidenti İlham Əliyevin növbəti səfəri dekabrın 17-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkəyə olub. Əbu-Dabidə İlham Əliyevin BƏƏ-li həmkarı Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub. Söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. Dövlətimizin başçısının BƏƏ-yə, BƏƏ prezidentinin isə Azərbaycana səfərləri məmnunluqla xatırlanaraq, bütün bunların və müxtəlif səviyyələrdə həyata keçirilən digər qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında roluna toxunulub. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan "Gələcəyin oyunları 2025" adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak ediblər. Dekabrın 23-də Prezident İlham Əliyev Qarabağa səfər edib. O, Xankəndinin Kərkicahan qəsəbəsində oraya köçən sakinlərlə görüşüb, qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışında iştirak edib.
Elə həmin gün Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub, universitetin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa olunmuş binasının açılışında iştirak edib. Dövlət başçısı, həmçinin Xankəndi şəhərində "AzərEnerji" ASC-nin 110/35/10 kV-luq "Xankəndi-1" elektrik yarımstansiyasının açılışında iştirak edib. Prezident İlham Əliyev Xocalının Ballıca kəndi və Ağdama da gedib, burada bir sıra vacib müəssisələrin təməlqoyma və açılış mərasimlərində olub.

Mənbə
oxu.az