Dünya
Trampın oğlu toy xərclərini qarşılayan rusiyalı biznesmenə pulları geri qaytardı
ABŞ Prezidenti Donald Trampın oğlu kiçik Donald Trampın Bettina Andersonla toy mərasimindən sonra Baham adalarında keçirilən şənliyin xərclərini Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyova geri ödəyib. Oxu.Az RBC-ya istinadən xəbər verir ki, bu barədə Kremlyov İstanbulda keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, kiçik Tramp xərcləri geri qaytarıb, lakin bunun səbəbini anlamayıb: "Tədbirlə bağlı çoxlu müxtəlif şayiələr yayılıb. Mənim üçün bu, adi haldır. Biz ümumi tədbirdə olmuşuq. Toyun özündə iştirak etməmişəm. Xərclərə gəlincə, bəli, o, mənə pulu qaytardı. Amma açığı, bunun nə üçün edildiyini belə başa düşmədim, çünki bu, ümumi tədbir idi. Mən bunu xüsusi hədiyyə hesab etmirəm". Kiçik Tramp və model Bettina Anderson bu ilin mayında evləniblər. Cütlük nikahı Florida ştatının Vest-Palm-Biç şəhərində rəsmiləşdirib, daha sonra Baham adalarında yerləşən özəl adalardan birində toy mərasimini qeyd edib. "ProPublica" daha əvvəl Kremlyovun cütlük üçün Baham adalarında tədbir təşkil etdiyini və toy xərclərinə yüzminlərlə dollar ödədiyini yazmışdı. Bettina Anderson da Kremlyovun toydan sonra tədbirlər təşkil etdiyini təsdiqləyərək bunu "son dərəcə səxavətli toy hədiyyəsi" adlandırmışdı. ABŞ Prezidenti Donald Tramp isə oğlunun həmin vəsaiti geri qaytaracağını bildirmişdi. Kremlyov kiçik Trampla dostluğunu gizlətmədiyini də vurğulayıb: "Biz dostuq, bu, sirr deyil. Bu dostluq yalnız idmanın inkişafı, ənənəvi ailə dəyərləri üzərində qurulub".
Mənbə
oxu.az