Dünya
"Volkswagen" 208 min avtomobili geri çağırır - Səbəb
"Volkswagen" konserni ABŞ-də 208 724 avtomobili geri çağırmaq qərarına gəlib. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, servis kampaniyası 2018-ci il istehsalı olan "Tiguan", 2018-2019-cu illərdə buraxılmış "Atlas" və 2019-2021-ci illərin "Audi Q3" modellərinə şamil olunacaq. Geri çağırılma prosesinə ABŞ Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi İdarəsi (NHTSA) nəzarət edəcək. Servis aksiyasının keçirilməsinə səbəb sükan valının bərkidici boltunun vaxtından əvvəl korroziyaya uğraması və sınma riskidir. Bu nasazlıq idarəetmənin itirilməsinə və nəticədə yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Bununla belə, indiyədək sözügedən problemlə əlaqədar hər hansı qəza halı qeydə alınmayıb. Kampaniya çərçivəsində servis mərkəzlərinə gətirilən avtomobillərdə sükan valının bərkidici boltu dəyişdiriləcək. Bütün təmir işləri ödənişsiz həyata keçiriləcək. Xatırladaq ki, iyulun sonunda "Volkswagen" ABŞ-də 57 851 ədəd "Atlas" və "Atlas Cross Sport" krossoverini də servisə cəlb etmişdi. Həmin vaxt kampaniya mərkəzi ekranın və arxa görüntü kamerasının düzgün işləməsinə mane ola biləcək elektrik sistemi problemlərinə görə elan olunmuşdu.
Mənbə
oxu.az