Cəmiyyət

Bu xəbər hər yerdədir: beyinlərə nə yeridirlər?

19 Sep 2026, 08:30 6 baxış
Bu xəbər hər yerdədir: beyinlərə nə yeridirlər?

Son dövrlərdə sosial mediada xərçəng xəstəliyi bağlı məlumatların kəskin artdığını müşahidə edirik. Demək olar ki, hər gün qarşımıza “bu qida xərçəng yaradır”, “bu əlamət xərçəngin göstəricisi ola bilər” kimi onlarla məlumat çıxır. Bu cür informasiya bolluğu isə insanın psixologiyasına təsir edir.


Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Fidan Azərqızı qeyd edib.


Psixoloqun sözlərinə görə, xəstəliyin statistik vəziyyətini həkimlər və epidemioloqlar daha dəqiq qiymətləndirə bilər:


“Fikrimcə, insan beyni tez-tez qarşılaşdığı və xüsusilə emosional olan məlumatları daha asan yadda saxlayır. Məsələn, bir insan bir həftə ərzində onlarla sağlamlıq xəbəri görə bilər, amma “bu məhsul xərçəng yaradır” başlığı onun diqqətində daha çox qala bilər.


Nəticədə “mən də bunu yeyirəm”, “məndə də bu əlamət var”, “görəsən, məndə də belə bir xəstəlik ola bilər?” kimi suallar insan beynində yer almağa başlayır. Beləcə, informasiya artıq sadəcə informasiya olaraq qalmır, beyində şəxsi təhlükə hissinə çevrilir.


İnsan nə qədər çox belə məzmuna baxırsa, alqoritmlər də ona oxşar məzmunları daha çox göstərir. Nəticədə insanın qarşısında sanki yalnız xəstəlik, təhlükə və ölüm mövzuları varmış kimi bir informasiya mühiti yaranır.


Bu barədə kiminsə qəsdən və hücum məqsədli etdiyini düşünmək də düzgün deyil. Çünki burada sosial medianın işləmə mexanizmi, diqqət cəlb etmək istəyən başlıqlar, yanlış məlumatlar və insanların qorxuya daha həssas reaksiya verməsi kimi bir neçə faktor birlikdə rol oynayır”.


Mütəxəssisin fikrincə, digər mühüm məsələ isə sağlamlıq narahatlığıdır:


“İnsan davamlı olaraq xəstəlik əlamətlərini axtarırsa, bədənindəki hər dəyişiklikdən şübhələnirsə və internetdə özünə diaqnoz qoymağa çalışırsa, bu, narahatlığı daha da artıra bilər.


Mən insanlara “xərçəng haqqında məlumatlara baxmayın” deməzdim. Əksinə, məlumatlı olmaq vacibdir. Amma məlumatın mənbəyi də ən az məlumatın özü qədər vacibdir.


Sosial mediada gördüyümüz hər başlığı tibbi fakt kimi qəbul etmək olmaz. “Risk yarada bilər” ifadəsi ilə “mütləq xərçəng yaradır” ifadəsi eyni məna daşımır. Əgər insanda real simptom varsa, onu internetdə saatlarla araşdırmaq əvəzinə həkimə müraciət etsə, daha doğru olar. Düşünürəm ki, insan bu məlumatların təsirindən daim qorxu yaşayırsa, hər simptomu ciddi xəstəliklə əlaqələndirirsə, bu zaman psixoloji tərəfə də diqqət yetirmək lazımdır.


Qısaca, əsas məsələ qorxunu artırmaq yox, məlumatı düzgün şəkildə qəbul etməkdir. Sağlamlıq haqqında məlumat bizi daha ağıllı davranmağa sövq etməli, qorxutmamalıdır”.

Mənbə axar.az

Oxşar Xəbərlər