Maraqlı
Həkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. Oxu.Az Aif.ru-ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaqı dövründə mövcud olub. Həmin vaxt işçilər kollektiv şəkildə ayağa qalxaraq 20-30 dəqiqə ərzində xüsusi hərəkətlər kompleksi yerinə yetirirdilər. Həkimin sözlərinə görə, bu cür məşqlər ürək-damar sistemi və həzm orqanları xəstəliklərinin profilaktikasına kömək edirdi. Mütəxəssisin fikrincə, bu metod səmərəli olub, lakin hazırda belə profilaktik tədbirlərə heç kim nəzarət etmir. Həkim ofis işçilərinə hər 30-40 dəqiqədən bir 5-10 dəqiqəlik fasilə etməyi, hətta stulda əyləşmiş vəziyyətdə belə sadə idman hərəkətləri yerinə yetirməyi məsləhət görüb. O, mütəmadi olaraq ayağa qalxmağı, gəzməyi və su içməyi tövsiyə edib. Həkim vurğulayıb ki, təxminən eyni rejim məktəblərdə də tətbiq olunur. Belə ki, hər 40 dəqiqəlik dərsdən sonra tənəffüs nəzərdə tutulur. Bundan əlavə, Litvinenko telefonla ayaqüstə və ya gəzərkən danışmağı, dabanlardan barmaq uclarına, eləcə də ayağın bir kənarından digərinə doğru hərəkət etməyi təklif edib. O, həmçinin barmaq uclarına qalxaraq dabanlar üzərinə enməklə yüngül zərbə dalğası yaratmağı məsləhət görüb. Onun sözlərinə görə, bu cür hərəkətlər kapilyarlar və qan damarları üçün faydalıdır, çünki qan durğunluğunun qarşısını almağa kömək edir.
Mənbə
oxu.az