Dünya

İnşaat zamanı sensasion tapıntı: 1800 il əvvəl burada nə olub? - Foto

19 Sep 2026, 05:00 2 baxış
İnşaat zamanı sensasion tapıntı: 1800 il əvvəl burada nə olub? - Foto
İsveçrənin Ligornetto şəhərində inşaatçılar təsadüfən Roma imperiyası dövrünə aid, təxminən 1 800 il yaşı olan böyük metal emalı emalatxanasının qalıqlarını aşkar ediblər. Yeni yaşayış binasının təməli üçün qazıntı aparılarkən edilən bu kəşf hazırda Tiçino kantonunun Arxeologiya Xidməti tərəfindən tədqiq olunur. Oxu.Az xəbər verir ki, bu barədə "La Brújula Verde" nəşri məlumat yayıb. Via Mastri küçəsində qazıntı işlərinə 2026-cı ilin iyununda başlanılıb. Arxeoloqlar eni səkkiz, uzunluğu isə 11 metrdən çox olan, ən azı altı otaqdan və örtülü qalereyadan ibarət daş binanın bünövrəsini aşkar ediblər. Eramızın II-III əsrlərinə aid təbəqələrdə mütəxəssislər dəmir filizinin əridilməsi zamanı yaranan çoxlu miqdarda şlak, həmçinin bürünc emalı qalıqları tapıblar. Otaqlarda yaşayış izlərinin və ocaqların olmaması tikilinin yaşayış məqsədilə istifadə edilmədiyini göstərir. Qiymətli tapıntılar arasında tovuzquşu təsviri olan bürünc zoomorf fibula - sancaq xüsusi diqqət çəkir. Binanın mövcudluğu uzun sürməyib. III əsrdə güclü yanğın nəticəsində tikili məhv olub və kirəmit damı çöküb. Tədqiqatlar zamanı məlum olub ki, bina II-III əsrlərdə yenidən qurulub: yeni divarlar inşa edilib, qalereyada isə qənaət məqsədilə köhnə kərpiclərdən platforma tikilib. Binanın arxa tərəfində kənd təsərrüfatı və sənətkarlıq ehtiyacları üçün nəzərdə tutulmuş geniş meydança yerləşib. Arxeoloqlar burada yüngül çardaqların izlərini və sahənin sərhədini müəyyən edən, təkrar istifadə olunmuş materiallarla döşənmiş dar cığır aşkar ediblər. Bu kəşf alimlər üçün gözlənilməz olmayıb. Belə ki, Stramonte bölgəsi min illik fasiləsiz məskunlaşma tarixinə malikdir. İnsanlar burada Dəmir dövründən yaşamağa başlayıblar. Daha sonra bölgəyə romalılar gəlib, imperiyanın süqutundan sonra isə ərazi IX-X əsrlərə qədər erkən orta əsr məskunları tərəfindən mənimsənilib. Fabrikdən bir kilometrdən az məsafədə 120x90 metr sahəni əhatə edən dəbdəbəli San-Pietro-di-Stabio Roma villası yerləşir. Son onilliklər ərzində mütəxəssislər onun ətrafında nekropollar, Merkuri tanrısına ibadət izləri və lanqobard döyüşçülərinin zəngin qəbirlərini aşkar ediblər. Romanın ərazi üzərində nəzarəti itirməsindən sonra da burada həyat davam edib. Hələlik tədqiqatçılar emalatxananın konkret olaraq kimə məxsus olduğunu və qonşu villadan asılı olub-olmadığını dəqiq müəyyənləşdirə bilmirlər. Qazıntı işlərinin 2026-cı ilin payızında başa çatdırılması planlaşdırılır. Tədqiqatların vaxtilə Roma imperiyasının əyalətlərindən birində fəaliyyət göstərən sənətkarların gündəlik həyatına dair yeni məlumatlar verəcəyi gözlənilir.
{{gallery}}
İnşaat zamanı sensasion tapıntı: 1800 il əvvəl burada nə olub? - Foto İnşaat zamanı sensasion tapıntı: 1800 il əvvəl burada nə olub? - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər