Dünya
Qadınları gizli lentə alan "ağıllı" eynəklərlə bağlı araşdırma başladı
Paris prokurorluğu "ağıllı" eynəklərdən istifadə etməklə cinsi qısnamada şübhəli bilinən şəxslə bağlı cinayət təhqiqatına başlayıb. Eyni zamanda, dünya ölkələri bu cihazların istifadəsinin sosial nəticələri ilə mübarizə apardığı bir vaxtda, Fransanın məlumatların mühafizəsi orqanları müxtəlif müəssisələrdən şikayətlər qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Hazırda bazarda "ağıllı" eynəklərin bir neçə modeli mövcuddur. Lakin ABŞ-nin texnologiya nəhəngi "Meta" şirkətinin "EssilorLuxottica" ilə birgə istehsal etdiyi məhsul qlobal bazarın təxminən 76 faizinə sahib olmaqla mütləq liderə çevrilib. İstifadəçiyə gizli şəkildə çəkiliş aparmağa imkan verən kiçik daxili kamera və süni intellektlə təchiz edilmiş "Meta" eynəkləri dünyada böyük rəğbət qazanıb. Ötən il bu cihazlardan 7 milyon ədəd satılıb. "Essilor"un son satış göstəriciləri isə 2026-cı ildə "eksponensial artım" proqnozlaşdırır. Bununla belə, sözügedən cihazların populyarlığı cinsi qısnama, korporativ pozuntular və qanunsuz izləmə kimi problemləri gündəmə gətirib. Nəticədə prokurorluq, tənzimləyici orqanlar, hüquq müdafiə təşkilatları və şirkətlər tərəfindən beynəlxalq nəzarət əhəmiyyətli dərəcədə gücləndirilib. Məxfilik qanunlarının pozulmasını əsas gətirən Almaniyanın istehlakçı hüquqlarını müdafiə təşkilatı cihazların bu ölkədə satışı ilə məşğul olan "Meta" və digər qurumlara qarşı cinayət şikayəti verib. Böyük Britaniyada bəzi kinoteatrlar isə smart eynəklərdən istifadəyə ümumiyyətlə qadağa qoyub. Paris prokurorluğundan "Reuters"ə bildirilib ki, qadınların küçədə xəbərsiz şəkildə lentə alınması və həmin videoların internetdə yayılması kimi sosial şəbəkə trendləri ilə əlaqədar ən azı bir cinayət işi başlanıb. Bu addım cinsi qısnama ilə bağlı şikayətlər əsasında atılıb. Qurum daha ətraflı məlumat verməkdən imtina edib. Lakin vurğulanıb ki, kibercinayətkarlıqla mübarizə şöbəsi smart eynəklərin hansı potensial cinayətlərin törədilməsində istifadə oluna biləcəyini daha ətraflı öyrənmək üçün iki həftə əvvəl bu cihazları testdən keçirib. Öz növbəsində, "Meta"nın nümayəndəsi bəyan edib ki, şirkət ilk gündən süni intellektli eynəklərdə məxfiliyin qorunması funksiyasını tətbiq edib. O, həmçinin cihazların funksionallığı artdıqca təhlükəsizlik tədbirlərinin də davamlı olaraq gücləndiriləcəyini bildirib.
Mənbə
oxu.az