İdman
KİV: "Arsenal" Vinisiusa klub tarixinin ən yüksək maaşını təklif edə bilər
İngiltərənin "Arsenal" futbol klubunun rəhbərliyi braziliyalı hücumçu Vinisius Juniorun transferini reallaşdırmaq üçün ona klub tarixində rekord sayılacaq maaş təklif etməyə hazırdır. Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb. Mənbənin məlumatına görə, hazırda futbolçu həftədə 400 min funt sterlinq (təxminən 906 min manat) qazanır və London klubu bu şərtləri daha da yaxşılaşdırmağa hazır olduğunu bildirib. "Arsenal" tarixində ən yüksək maaş alan futbolçu isə fevral ayında müqaviləsini yeniləyən ingilis hücumçu Bukayo Sakadır. Onun həftəlik qazancı 365 min funt sterlinq (təxminən 827 min manat) təşkil edir. 26 yaşlı Vinisius 2018-ci ilin yayında "Real Madrid"ə keçib. Onun müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir. Braziliyalı futbolçu komandanın heyətində müxtəlif turnirlərdə keçirdiyi 375 oyunda 128 qol vurub və 100 məhsuldar ötürmə edib. Vinisius "Real Madrid"lə üç dəfə İspaniya çempionu və İspaniya Superkubokunun qalibi olub, iki dəfə Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatını qazanıb. O, həmçinin İspaniya kuboku və qitələrarası kubokun qalibi olub. Braziliya millisində isə onun hesabında 54 oyunda 13 qol və 10 məhsuldar ötürmə var. Milli komanda ilə 2021-ci ildə Amerika Kubokunun finalına yüksəlib.
Mənbə
oxu.az