İdman
Neymar komandası ilə səfər matçına getmək əvəzinə poker oynayıb
"Santos"un hücumçusu Neymar Cənubi Amerika Kuboku (Sudamerikana Kuboku) çərçivəsində Venesuelanın "Universidad Sentral" komandasına qarşı keçirilən səfər oyununda komanda ilə birlikdə iştirak etməyib. Qarşılaşma Braziliya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Oxu.Az xəbər verir ki, bu barədə "Globo" nəşri məlumat yayıb. Klub Neymarın heyətdə yer almamasını onun tam hazır vəziyyətə gəlməsi üçün əlavə vaxta ehtiyac olması ilə izah edib. Lakin "Globo"nun məlumatına görə, braziliyalı futbolçu oyunun keçirildiyi gün San-Pauluda poker turnirində görüntülənib. Bu isə sosial şəbəkə istifadəçilərinin sərt tənqidinə səbəb olub. "Santos" Neymarın Braziliya çempionatının növbəti turunda, iyulun 26-na keçən gecə "Şapekoense"yə qarşı keçiriləcək matçda meydana qayıdacağına ümid edir.
Mənbə
oxu.az