İdman

"Neftçi"nin baş məşqçisi mümkün istefası barədə danışdı

22 Jul 2026, 22:50 1 baxış
"Neftçi"nin baş məşqçisi mümkün istefası barədə danışdı
"Məğlubiyyətə görə məsuliyyət tamamilə mənim üzərimdədir". Oxu.Az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda keçirilən "Neftçi" - "Dinamo" (Minsk) qarşılaşmasından sonra paytaxt təmsilçisinin baş məşqçisi Yuri Vernidub deyib. Mütəxəssis bildirib ki, komandası oyuna üstün başlayıb: "Matçın əvvəlində tam üstünlük bizdə idi. Sonra isə ard-arda səhvlərə yol verdik. Emil Balayev birinci hissədə zədələnsə də, oyunu davam etdirdi. Buna baxmayaraq, qapımızda qol gördük. Fasiləyə üstün yollandıq və həmin vaxt komandada əhvali-ruhiyyə yüksək idi. Buraxdığımız bütün qollar fərdi səhvlərin nəticəsi oldu. Sən qol imkanlarından istifadə edə bilməyəndə, rəqib bunu cəzalandırır. Bu oyunu təhlil edib nəticə çıxarmalıyıq. Futbolçular haqqında danışmaq istəmirəm. Bu, düzgün yanaşma olmaz". Yuri Vernidub istefa verməyi düşünmədiyini də bildirib: "Cavab oyununa hazırlaşacağıq. Səfərdə qələbə qazana bilərik. Məşqçiyə işləmək üçün vaxt vermək lazımdır. Tez-tez baş məşqçi dəyişmək yaxşı nəticələrə gətirib çıxarmır. Futbolda məğlubiyyət də var. Belə hallar olur". Qeyd edək ki, qarşılaşma Belarus təmsilçisi "Dinamo"nun 2:4 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, komandalar arasında cavab görüşü iyulun 30-da Minskdə keçiriləcək. Bu cütün qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər