İdman
Tramp FIFA rəhbərinin BMT-nin baş katibi olmasını istəyir
ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəhbəri Canni İnfantinonun BMT-nin növbəti baş katibi vəzifəsinə gətirilməsini arzulayır. Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçirilən futbol üzrə dünya çempionatı zamanı İnfantino ABŞ lideri ilə kifayət qədər yaxın münasibətlər qura bilib. Nəşr qeyd edir ki, FIFA Prezidenti Trampın rəğbətini qazanmaq üçün çox çalışıb, hətta ötən ilin dekabr ayında ona Beynəlxalq Futbol Federasiyasının Sülh Mükafatını da təqdim edib. "New York Post"un mənbəsi diqqətə çatdırıb ki, Tramp İnfantinonun hamı tərəfindən böyük hörmətlə qarşılandığını və insanları bir araya gətirmək üçün xüsusi istedada malik olduğunu düşünür. Amerika liderinin bu düşüncəsini İnfantinonun özü ilə müzakirə edib-etmədiyi və FIFA rəhbərinin BMT Baş katibi kürsüsündə əyləşmək istəyib-istəmədiyi hələlik bəlli deyil. Qeyd edək ki, o, cari ilin aprelində 2027-ci ildə yenidən FIFA rəhbəri postuna seçilmək niyyətində olduğunu açıqlamışdı. BMT-nin hazırkı Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti isə 2026-cı il dekabrın 31-də yekunlaşır.
Mənbə
oxu.az