İdman
FIFA Paraqvay - Türkiyə matçının şərhçisinə qadağa qoydu
FIFA paraqvaylı şərhçi Xorxe Veranı 2026-cı il dünya çempionatına (DÇ-2026) olan akkreditasiyadan məhrum edib. Buna jurnalistin reportaj zamanı qurumun rəhbəri Canni İnfantinonu tənqid etməsi səbəb olub. Oxu.Az xəbər verir ki, bu barədə şərhçinin işlədiyi ABC holdinqinin mətbuat xidməti məlumat yayıb. Bəyanatda bildirilir ki, bu addım Veranın qrup mərhələsində Paraqvay - Türkiyə matçının yayımı zamanı paraqvaylı yarımmüdafiəçi Migel Almironun meydandan qovulmasından sonra işlətdiyi ifadələrə görə atılıb. Təşkilatın məlumatına görə, hadisə zamanı "FIFA rəsmilərinin ünvanına təkrarən şəxsi hücumlar və təhqiredici şərhlər" qeydə alınıb. Vera salvadorlu hakim İvan Bartonu "oğru" adlandırıb, "FIFA futbolu öldürdü" ifadəsini işlədib və bunda İnfantinonun günahkar olduğunu bildirib. Nəticədə Vera nəinki akkreditasiyadan, həmçinin stadionlara peşəkar qismində daxil olmaq hüququndan da məhrum edilib. Bununla belə, şərhçinin özü işlətdiyi ifadələrə görə FIFA-dan və həmkarlarından üzr istəyib. "Söylədiklərim yanlış idi və mən buna görə cavab verməliyəm. Həmin an yaxşı nümunə ola bilmədiyim üçün təəssüf edirəm", - deyə o, videomüraciətində bildirib. Xatırladaq ki, D qrupunun oyunu iyunun 19-da baş tutub və paraqvaylıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Birinci hissəyə əlavə olunmuş vaxtda Almiron Türkiyə millisinin oyunçusu ilə mübahisə edərkən əli ilə ağzını tutduğu üçün qırmızı vərəqə alıb. Bu, belə bir qayda pozuntusuna görə dünya praktikasında qeydə alınan ilk meydandan qovulma hadisəsidir, müvafiq qayda 2026-cı ildə qəbul edilib.
Mənbə
oxu.az