Ronaldo tarix yazdı: 6 DÇ-də qol vuran ilk oyunçu...
Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo futbol tarixində növbəti rekorduna imza atıb.
Axar.az Report-a istinadən xəbər verir ki, 41 yaşlı hücumçu dünya çempionatları tarixində altı fərqli mundialda qol vuran ilk futbolçu kimi adını tarixə yazdırıb.
Ronaldo bu nailiyyətə DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Özbəkistan millisinə qarşı keçirilən oyunda çatıb.
O, görüşün 6-cı dəqiqəsində rəqib qapısına yol taparaq komandasını hesabda önə keçirib. Bununla da portuqaliyalı ulduz indiyədək Lionel Messi ilə bölüşdüyü rekordu təkbaşına sahiblənib.
Bu qol Ronaldoya daha bir tarixi göstərici qazandırıb. O, dünya çempionatlarında 40 yaşdan yuxarı qol vuran ikinci futbolçu olub. Mundiallar tarixində bu rekordun sahibi isə Kamerun millisinin əfsanəvi hücumçusu Roje Milladır. Milla 1994-cü il dünya çempionatında 42 yaşında olarkən Rusiya yığmasının qapısına qol vurmuşdu.