Dünya
"Nestle"nin geri çağırılma siyahısı genişləndirilib
İsveçrənin "Nestle" şirkəti ürəkbulanma və qusmaya səbəb olan toksinin mövcudluğu ehtimalı səbəbindən uşaq qidası partiyasının geri çağırılma siyahısını genişləndirib. Oxu.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, bu barədə Qida Standartları Agentliyi (FSA) məlumat yayıb. Şirkət xəbərdarlıq edib ki, buna səbəb körpə qidalarına "bacillus cereus" bakteriyası tərəfindən hasil olunan sereulid toksini ola bilər. Genişləndirilmiş siyahıya SMA məhsullarının daha geniş çeşidləri - "Advanced First Infant Milk", "SMA Advanced Follow-On Milk", "SMA Anti-Reflux", "SMA Comfort", "SMA Lactose Free" və "SMA ALFAMINO" əlavə olunub. Xatırladaq ki, "Nestle" bir çox ölkələrdə SMA, BEBA və NAN da daxil olmaqla bir neçə uşaq qidası partiyasının geri çağırıldığını elan edib.
Mənbə
oxu.az