Dünya
7 milyon il əvvəl dik yeriyən varlıq: İnsanın ən erkən əcdadının sümükləri nümayiş etdirildi
Yeddi milyon il əvvəl Afrikada yaşamış insanabənzər "Sahelanthropus tchadensis" (saxelantrop çadski) növü insanın ən erkən əcdadı hesab edilə bilər. Bu növə aid sümüklərin yeni təhlilinin nəticələrinə əsasən, alimlər onun bu rol üçün ən güclü namizəd olduğu qənaətinə gəliblər. Oxu.Az bildirir ki, hələ də əlavə təsdiqlər və yeni fosil tapıntıları tələb edən bu nəticələr "Science Advances" jurnalında dərc olunub. Qeyd edilir ki, sözügedən insan əcdadı zahirən meymunu xatırlatsa da, onun skelet quruluşu dörd əza üzərində hərəkət etməkdən daha çox dik yeriməyə uyğunlaşıb. Məhz bu keçid onun nəsillərinin təkamülündə həlledici mərhələ olub. Alimlərin fikrincə, bu, şimpanzelərlə təkamül yolu ilə ayrıldıqdan sonra insan inkişaf xəttini təmsil edən ən qədim hominindir. "Kəşf edilən anatomik əlamətlərə əsasən, bu varlıq şimpanze və ya bonoboya daha çox bənzəyən ikiayaqlı bir meymun olub", - deyə Nyu-York Universitetinin dosenti və tədqiqatın aparıcı müəllifi Scott Williams bildirib. Bu tapıntılar 2000-ci illərdə "Sahelanthropus" fosillərinin ilk dəfə aşkar edildiyi zaman irəli sürülən qənaətləri dəstəkləyir. Həmin dövrdə fransız paleoantropoloqu, Puatye Universitetinin və Fransa Kollecinin professoru Michel Brunet baş quruluşunun xüsusiyyətlərinə əsaslanaraq "Sahelanthropus"un dik yeridiyini ehtimal etmiş və onu "bütün bəşəriyyətin əcdadı" adlandırmışdı.
Mənbə
oxu.az