Azərbaycanda süleymançılar təriqəti kimlərdir?
Türkiyədə, xüsusilə Alihan Kurişin rəhbərliyindəki süleymançılar qrupuna qarşı aparılan genişmiqyaslı əməliyyatların qrupun Azərbaycandakı şəbəkələrinə də təsiri olacaqmı?
Axar.az xəbər verir ki, bunu ilahiyyatçı Elşad Miri özünün Feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, nəqşibəndi təmayüllü dini camaat - süleymançılar Azərbaycanın müstəqillik qazanmasından sonra ölkəyə daxil olan dini qruplardan biridir:
“Bu camaat fəaliyyətini əsasən qeyri-rəsmi yataqxanalar (evlər) və kurslar vasitəsilə qurur. Bu yerlərdə Quran kursları və dini söhbətlər vasitəsilə gənclər arasında öz ideologiyalarını yayırlar. Qapalı olduqlarına görə gizli strukturlaşma (hücrə sistemi) modelini mənimsəyiblər. “Rabitə” adlandırılan yanaşmaları isə onların qurucuları ilə əlaqə baxımından əhəmiyyətli bir ibadət kimi qəbul edilir.
Əsasən tünd göy təkkə taxdıqlarına görə “Lacivərt təkkəlilər” kimi adlandırılsalar da, hər zaman zövqlü geyimləri ilə seçiliblər.
Almaniyada 70 milyon avroluq mərkəzləri tikinti ərəfəsindədir. Oradakı fəaliyyətləri İslam Mədəniyyət Mərkəzləri Birliyi (VIKZ - Verband der Islamischen Kulturzentren) adlı çətir təşkilat vasitəsilə idarə olunur”.