Dünya
Yaponiyadan Rusiyaya ETİRAZ: Səfir XİN-ə çağırıldı
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin İturup adasına etdiyi səfərlə əlaqədar Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrevi nazirliyə çağırıb. Oxu.Az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Rusiyanın Tokiodakı səfirliyindən TASS-a bildirilib ki, bu məsələ ilə bağlı rəsmi şərh daha sonra açıqlanacaq. Bundan əvvəl Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi mesaj yayaraq Rusiya tərəfinə "qəti etirazını" bildirmişdi. O qeyd etmişdi ki, Tokionun İturup da daxil olmaqla Kuril adalarının cənub hissəsini adlandırdığı şimal əraziləri tarixi və hüquqi baxımdan əzəli Yapon ərazisidir. Analoji mövqeyi baş nazir Sanae Takaiçi də səsləndirib. O, həmçinin Putinin İturupa səfərinin Yaponiya və Rusiya arasında münasibətlərin normallaşmasını çətinləşdirdiyinə əminliyini ifadə edib. Avqustun 13-də V.Putin ilk dəfə olaraq Kuril adalarına səfər edib. Buna qədər Rusiya dövlətinin və hökumətinin rəhbərləri Kuril adalarında cəmi beş dəfə olublar. Dmitri Medvedyev bu əraziyə dörd dəfə səfər edib: 2010-cu ildə Rusiya Prezidenti, 2012, 2015 və 2019-cu illərdə isə hökumət başçısı kimi. Putinin Kuril adalarına ziyarəti qısa müddətdə Yaponiyanın sosial şəbəkələrində, o cümlədən "X" seqmentində ən çox müzakirə olunan mövzuya çevrilib. Bu məsələ həmçinin bütün yerli kütləvi informasiya vasitələrinin saytlarında əsas xəbər olub. Moskva və Tokio İkinci Dünya müharibəsinin yekunlarına əsasən sülh müqaviləsinin hazırlanması məqsədilə ötən əsrin ortalarından bəri danışıqlar aparırdı. Bu yolda əsas maneə Kuril adalarının cənub hissəsinə hüquqlarla bağlı fikir ayrılıqları olaraq qalır. Müharibə başa çatdıqdan sonra bütün arxipelaq Sovet İttifaqının tərkibinə qatılıb, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və bir qrup xırda kimsəsiz adanın mənsubiyyətinə etiraz edir.
Mənbə
oxu.az